22 May 2020 08:45
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bacısını öldürməkdə təqsirli bilinən Babək Fərzalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 3-nə təyin olunub.

İttihama görə, ötən il noyabrın 24-də, saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyev bacısı, 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanı öldürüb.

İstintaqa ifadə verən Babək Fərzalıyev qeyd edib ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla bacısı Aytən Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirib.

Qeyd edək ki, Aytən Fərzalıyeva bir müddət Azərbaycan Uşaqlar Birliyininin sığınacağında yaşayıb. Onun qeyri-rəsmi nikahdan bir övladı olub.

Onu da xatırladaq ki, 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub.

İstintaq orqanı tərəfindən Babək Fərzalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər