3 Oktyabr 2014 12:05
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətldə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində naməlum şəxs, qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.


Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub.

Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb. İstintaq zamanı qətldə əli olmaqda şübhəli bilinən daha bir nəfər - Seymurun qardaşı Murad da həbs edilib.
Məlumatla görə, qətlə yetirilən şəxs “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 12 il, Murad Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Seymur Məmmədov cəzasının yüngülləşdirilməsini, Murad Məmmədov isə günahsız olduğunu əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər