3 Oktyabr 2014 16:04
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Qorxmaz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Qorxmaz Abbasov ötən ilin oktyabrın 4-də sərxoş vəziyyətdə Ağdaş rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilib. Həmin gün saat 17.00-da ona növbətçi hissədə inzibati protokol tərtib olunub. O, tərtib olunmuş protokol nəticəsində işinin məhkəməyə göndərilcəyini bilib.

Qorxmaz Abbasov bu səbəbdən yüksək tonla məsul növbətçi, polis mayoru Habil Əzizov və növbətçi köməkçisi, polis baş serjantı Elşən Məmmədovu söyüb. Bu zaman Habil Əzizov onu nizam-intizama dəvət edib. Buna baxmayaraq o, yenidən yüksək tonla polis əməkdaşlarını söyüb. Qorxmaz Abbasov həmin vaxt polis əməkdaşlarına müqavimət göstərib.

Onun səs-küyünə digər polis əməkdaşları xidməti otaqlarından növbətçi hissənin qarşısına toplaşaraq onu nizam-intizama dəvət ediblər. Bu zaman o, başı ilə növbətçi hissənin qapısını vuraraq sındırıb və polis şöbəsinə 15 manat ziyan vurub. Qorxmaz Abbasov yenə də sakitləşməyərək cinayətkar əməlini davam etdirib və polis şöbəsinin iş fəaliyyətini 45 dəqiqə ərzində pozub.

Qorxmaz Abbasov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və Ağdaş rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qorxmaz Abbasov apelyasiya şikayəti verib. O, şikayətində məhkəmə hökmünün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci məhkəmə instansiyasına qaytarılmasını xahiş edib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Qorxmaz Abbasovun apelyasiya şikayəti təmin edilib və Ağdaş rayon Məhkəməsinin hökmü ləğv edilib və işə yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə qaytarılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər