Gədəbəy rayonunda dəhşətli qətl hadisəsi törətməkdə təqsirli bilinən Anar Nuriyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il iyulun 22-də Gədəbəy rayon sakini, 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin ailə üzvləri tərəfindən aşkar edilib.
Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini, 1980-cı il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Nuriyev avqustun 1-də Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.
Anar Nuriyev şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
İstintaq orqanı tərəfindən Anar Nuriyevin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan olunub.