Bakıda sevdiyi qızı öldürməyə cəhd etməkdə təqsirli bilinən Afiq Hüseynovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Afiq Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, hadisə bu ilin fevralın 11-də, gecə saat 23.30-da Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.
Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, Afiq Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.
Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. Yaralıya xəstəxanada tibbi yardım göstərilib.
İstintaq orqanı tərəfindən Afiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Yasamal rayon Prokurorluğunda istintaq davam edir.