Qobustan rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Seyidağa Verdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş arşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə ötən il oktyabrın 26-da baş verib.
Bakı-Şamaxı yolunun Qobustan rayonunun ərazisində iki avtomobilin toqquşması nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Əhmədağa Rüstəmov və 1994-cü il təvəllüdlü Samir Rufullayev dünyasını dəyişib.
Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Fəridə Şıxəliyeva,1964-cü il təvəllüdlü Gülzar Rüstəmova və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Seyidağa Verdiyev xəsarət alıblar.
Araşdırmalar zamanı avtomobillərdən birinin sürücüsü Seyidağa Verdiyev hadisəni törətməkdə təqsirli bilinib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.