24 İyun 2020 15:10
3 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elxan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Elxan Qasımov 16 yanvar 2017-ci il tarixdə həmyerlisi Kənan Qasımovun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini zənn edib.

Bu səbəbdən Kənan Qasımova zəng edib, onun "Almalı" kafesində olduğunu dəqiqləşdirub. Sonra yaşadığı evdən odun baltasını götürərək həmin kafeyə gəlib. Orada Kənan Qasımovu öldürəcəyini deyib, ondan həyətə çıxmağı tələb edib. Həmin Kənanla birlikdə kafedə yemək yeyən tanışları – Azər İsayev, Ələddin İsmayılov və Babək İsayev onu sakitləşdiriblər. Ona yaşadığı evə getməyi tövsiyə ediblər.

Buna baxmayaraq Elxan Qasımov kənarda dayanıb Kənan Qasımovun həyətə çıxmasını gözləyib. Kənan Qasımov isə onun getdiyini zənn edib, yemək yediyi kabinetdən telefonla danışmaq üçün kafenin həyətinə çıxıb.

Bu zaman onun yanına gələn Elxan Qasımov Kənan Qasımova ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini bildirib, baltanın arxa hissəsi ilə onun baş və kürək nahiyəsinə iki zərbə vurub. Bu vaxt Azər İsayev, Ələddin İsmayılov və Babək İsayev hadisə yerinə gələrək ona mane olublar. Yaralını xəstəxanaya çatdırıblar. Vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində Kənan Qasımovun həyatını xilas etmək mümkün olub.

"Atamın, anamın, bacımın ünvanına söyüşlər söydü”

İstintaq orqanı tərəfindən Elxan Qasımovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan Qasımov bildirib ki, zərərçəkmiş Kənan Qasımovu on ilə yaxındır tanıyır: "Tanıyandan bəri son vaxtlara kimi aramızda normal münasibətlər olub. Lakin bir neçə ay olardı, aramızda münasibətlər dəyişmişdi, çünki son dövrlər heç bir səbəb olmadan Kənan məni söyürdü. Mənim, atamın, anamın, bacımın ünvanına söyüşlər işlədirdi”.

"Yuxuda da məni rahatlıq vermədiyini görmüşəm”

Elxan Qasımovun sözlərinə görə, Kənanla hər rastlaşanda ona heç nə demirmiş: "Heç bir şey olmamış, durduğu yerdə mənim və ailəmin ünvanına söyüşlər söyürdü.

Mənə qarşı ədəbsizlik etməsinin, söyməsinin, təhqir eləməsinin səbəbini bilməmişəm. Səbəb indi də mənə məlum deyil. Çünki bu barədə mənə heç nə deməyib. Neçə müddət onun məni hansı nədən söyməsi haqda fikirləşmişəm. Lakin səbəbi tapa bilməmişəm.

Hətta gecələr yatanda yuxuda Kənanın məni və ailəmin ünvanına söyüşlər etdiyini, məni rahatlıq vermədiyini görmüşəm”.

"Öldürməyə gəldiyimi söylədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Kənanın hərəkətləri ilə bağlı onunla görüşüb, bu narahatlığa son qoymağı, məsələni qurtarmağı və Kənanı öldürməyi qərara alıb:

"Buna görə də 16 yanvar 2017-ci il tarixdə, saat 15 radələrində Kənana zəng etdim. Ondan harada olduğunu soruşdum, Rüstəmin kafesində oturduğunu dedi. Kənana onunla işim olduğunu, ora gələcəyimi bildirdim.

Evimizdən odun baltasını özümlə götürdüm və tək piyada həmin kafeyə gəldim. Kənanın kafenin hansı otağında, yaxud zalında oturduğunu bilmədiyim üçün həyətdən onu səslədim. Ondan çölə çıxmağı tələb etdim, məsələni bitirməyə gəldiyimi, onu öldürəcəyini söylədim. Həmin sözləri deyəndə kabinetlərin birindən Kənanın dostları Babək, Ələddin və Azər çölə çıxdılar.

Onlara dedim ki, Kənana deyin, çölə çıxsın, gəlmişəm ki, onu öldürəm, bu məsələyə son qoyam. Nə qədər o məni və ailəmi söyməlidir, bu nə qədər davam etməlidir, indi burada bu məsələ bitməlidir, ona deyin çölə çıxsın.

Babək, Ələddin və Azər məni sakitləşdirməyə başladılar”.

"Balta ilə başından vurdum”

Elxan Qasımovun ifadəsinə görə, bundan sonra bir qədər sakitləşib, baltanı əlindən yerə qoyub: "Babək, Ələddin və Azər mənimlə bir az söhbət etdikdən sonra evə getməyimi məsləhət gördülər. Mən də geri qayıtmağa başladım. Onlar mənim evə getdiyimi düşündülər və yenidən kabinetə keçdilər. Mən isə kafenin həyətində gözlədim, siqaret çəkməyə başladım. Aradan bir müddət keçdi. Kənan kabinetdən təkcə çölə çıxdı. Onun niyə çölə çıxmasını bilməmişəm.

Kənan məni gördü və "gəl görüm, məndən nə istəyirsən, nə deyirsən”, - bildirdi. Mən də ona dedim ki, nə səbəbə məni və ailəmi söyürsən, səninlə məsələni bitirməliyəm, sən ölməlisən.

Baltanı əlimə götürərək Kənanın üstünə yeridim. O, əlimdəki baltanı gördü və qaçaraq həyətdə olan avtomaşının ətrafına fırlandı. Mən də əlimdə balta dalınca qaçdım. Ona çatanda balta ilə başına zərbə endirdim. Qolunu qabağa verdi və balta qoluna dəyərək fırlandı. Baltanın kəsici tərəfi deyil, arxa tərəfı başından dəymişdi. Zərbə dəyən kimi Kənan yerə oturdu. Dərhal ikinci zərbəni Kənana endirdim. Bu dəfə baltanın küt tərəfi Kənanın belindən dəydi.

Səs-küyə Kənanın dostları Babək, Ələddin və Azər kabinetdən çölə çıxdılar. Onlar mənə hücum etdilər. Bu səbəbdən oradan qaçdım”.

Qisasçı cinayətkar dəli çıxdı

Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət yerindən birbaşa avtovağzala gəlib, baltaını avtovağzalın həyətinə atıb və Bakı şəhərinə yollanıb: "İki gün Bakı şəhərində qaldım. Bundan sonra atam dalımca gəldi. Kənanın xəstəxanada olduğunu bildirdi, məni özü ilə Tovuza qaytardı”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Qasımovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilib.

Həmçinin onun haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirlər tətbiq olunub.

Ata oğlunun niyə cəzalandırılmasını istədi?

Hökmdən narazı qalan Elxan Qasımovun atası Mətləb Qasımov apelyasiya şikayəti verib. O, qeyd edib ki, oğlu Elxan Qasımovun zərərçəkmişi öldürmək niyyəti olmayıb. Bildirib ki, əgər onun belə bir niyyəti olsaydı, zərərçəkmişi baltanın küt hissəsi ilə deyil, kəsici hissəsi ilə vurar və onun ölümünü başa çatdırardı.

Nümayəndə Elxan Qasımovun barəsində olan Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsini həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza verilməsini istəyib.

Bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə bu şikayətə baxılıb.

Elxan Qasımovun anlaqsız vəziyyətdə cinayət törətməsinə dair çıxarılan hökm ləğv edilib, onun barəsində ittihamedici hökm çıxarılıb.

Məhkəmə Elxan Qasımovun əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə tövsif edilib. Həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada Elxan Qasımov cəzalandırılıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Elxan Qasımovun cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasında aradırılmasını, onun anlaqsız vəziyyətdə cinayəti törətdiyinin müəyyən edilməsini, müalicə almasını, sağlandan sonra mühakiməsinin başlanmasını istəyib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda prokurorun protesti təmin olunub.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş materialları yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər