25 İyun 2020 11:52
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda həmkəndlisini bıçaqlamaqda ittiham olunan 1997-ci il təvəllüdlü Razim Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Gədəbəy rayonu, Arıqıran kənd sakini Razim Mahmudov həmkəndlisi Ramil Alıyevin yaşadığı evin həyətinə gəlib. O, Ramilə bacısını qaynı Ruslan Allahverdiyevin istəməsi barədə kənddə yalan məlumatlar yaymasına görə irad bildirib, aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Razim Mahmudov Ramil Alıyevi yumruq-təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Razim Mahmudovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Razim Mahmudov 1 il 6 ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Ramil Alıyev apelyasiya şikayəti verib. O, məhkəmənin hökmünün və hazırlıq iclasının qərarının ləğv edilməsini, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya təqsirli bilindiyi maddə ilə məhkum barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəyib.

Ramil Alıyev qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsizdir. Onun sözlərinə görə, ibtidai istintaq zamanı müstəntiq onun savadsızlığından istifadə edərək ifadəsini düzgün yazmayıb və Razim Mahmudovun əməlini yüngül maddə ilə tövsif etdib.

Ramil Alıyevin şikayətinə görə, işin bu hallarını bildirsə də, birinci instansiya məhkəməsi bu halları nəzərə almayıb. O, qeyd edib ki, cinayət hadisəsi təkcə Razim tərəfindən deyil, Cəllad adlı şəxs tərəfindən də törədilib.

Zərərçəkmiş bildirib ki, hər iki şəxs bir qrup şəxs halında onun evinə gəliblər və onu döyüblər.

Hökmdən narazı qalan təqsirləndirilən Razim Mahmudov da apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda hər iki şikayətin təmin edilməməsi barədə qərar elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər