Bərdə rayonunda kütləvi dava törətməkdə ittiham olunan daha bir neçə nəfər məsuliyyətə cəlb olunub.
Teleqraf.com-un xəbərinə görə, cinayətdə iştirak etmiş Nicat Əzizovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Digər təqsirləndirilən şəxslər - Adıgözəl Abbasov və Rauf Bağırovun barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilib.
Bərdə rayon Məhkəməsində hakim Qamət Əbilovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını Nicat Əzizovla bağlı verilən təqdimata baxılıb.
Hakim təqdimatı təmin edib və Nicat Əzizovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən şəxslər - Adıgözəl Abbasov və Rauf Bağırovun barəsində isə istintaq orqanı təəfindən verilən təqdimata Bərdə rayon Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyi ilə baxılıb.
Hər iki təqsirləndirilən şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, bu ilin avqustun 12-də, gecə saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırovla rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında mübahisə yaranıb.
Yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı Şəmkir rayon sakinləri - 1984-cü il təvəllüdlü Rauf Bağırov, 1991-ci il təvəllüdlü Nicat Əzizov və 1994-cü il təvəllüdlü Adıgözəl Abbasov yaralanmışdılar. Onlara xəstəxanada tibbi yardım göstərilmişdi.
İstintaq orqanı tərəfindən Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abasov təqsirli biliniblər.
Adıçəkilən şəxslərin barəsində istintaq Bərdə rayon Prokurorluğunda aparılır.
Bundan başqa, qətl hadisəsi ilə bağlı istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.