Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəkilinin vəsatətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, vəsatət təmin olunmayıb.
Qeyd edək ki, avqustun 14-də Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.
Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 308-1.1-ci (dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.