Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlamaqda ittiham olunan paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Vüsal Tağıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, Anar İsgəndərov və Aslan Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırlan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar.
Bununla da Anar İsgəndərov və Aslan Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham elan edilib.
Özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2003-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb.
2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuş Aslan Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.