15 Noyabr 2020 09:53
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərov və həmin şöbənin müdir müavini Bəyəli Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Qərara görə, Elçin Ələkbərovun barəsində olan hıəbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda Bəyəli Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Vəsatət təmin edilib və Bəyəli Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

İttihama görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin şöbənin müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov Cinayət Məcəlləsinin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov