Bakının Nizami rayonunda keçmiş sevgilisini bıçaqlamaqda ittiham olunan Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Elnur Bağırov əvvəllər qeyri-rəsmi nikah münasibətində olmaqla sonradan ayrıldığı Mayisə Sarıyevanın həmin vaxt yaxın əlaqədə olduğu Mayılla təsadüfən rastlaşıb. Mayıl onun ünvanına qiyabi nalayiq ifadələr işlətməsinə iradını bildirib və mübahisə edib.
Həmin yerə gələn Mayisə Sarıyeva Mayılı sözlə müdafiə edib. Elnur Mayisənin Mayılın tərəfini tutmasını bəhanə edib və onu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Elnur Bağırovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən Elnur Bağırov özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yox, 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.
O qeyd edib ki, Ağdam şəhərində qeydiyyatda olsa da, ailəsi ilə Bakıda yaşayıb: “Mayisə ilə mənim aramda qeyri-rəsmi ər-arvad münasibətlərimiz olub və bir müddət Mayisənin kirayə evində yaşamışıq. Hadisə baş verməzdən 7 ay əvvəl münasibətlərimiz pozulub. Lakin yenə də bir neçə dəfə görüşmüşük. Mayisə məndən ayrılandan sonra Mayıl adlı şəxslə yaşayıb. Bir dəfə Mayisəyə zəng etdiyim zaman onun telefonunu Mayıl açdı və telefonda mənə nalayiq söyüşlər söydü, Mayisəyə zəng etməməyimi bildirdi”.
Elnur Bağırovun sözlərinə görə, hadisə baş verən günü, saat 22 radələrində Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yanından keçərək Keşlə qəsəbəsinə gedib: “Mayisənin yaşadığı evin darvazasının yaxınlığında Mayılla təsadüfən qarşılaşdım. Mayılı görən kimi ondan ünvanıma niyə söyüş söydüyünü soruşdum. O, yenə məni təhqir etdi, aramızda mübahisə yarandı. Həmin vaxt Mayisə də ora gəldi, o da məni təhqir etməyə başladı.
Təhqirlərdən əsəbləşərək cibimdə olan “brolok” kimi istifadə etdiyim aksesuarın içəsisində olan bıçağı açdım və Mayılı vurmaq istədim. Bu zaman bizi aralamaq istəyən Mayisənin kürək nahiyəsindən vurdum. Mayisənin kürəyindən qan gəldiyini görəndə dayandım. Öz əməlimdən peşman oldum, həkim çağırmaq istədim.
Mayisə həkim çağırmağıma etiraz etdi və oradan getməyimi tələb etdi. Hadisə yerindən uzaqlaşaraq bulvara getdim. Sahildə xatırlamadığım yerdə broloku dənizə atdım. Sonradan polislər tərəfindən axtarıldığımı öyrəndim. Nizami rayon Polis İdarəsinə könüllü gəldim, törətdiyim cinayət əməlini etiraf etdim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mayisə Sarıyeva bildirib ki, Tovuz rayonu, Alakor kəndində pasport qeydiyyatında olsa da, 2011-ci il tarixdən Nizami rayonunda yetinlik yaşına çatmayan iki övladı ilə birlikdə kirayədə yaşayıb: “Hadisədən üç il əvvəl Elnurla tanış oldum və aramızda qeyri-rəsmi ər-arvad münasibətləri yarandı. Elnurla kirayədə birlikdə yaşamışıq.
Hadisədən 7 ay əvvəl münasibətlərimiz pozuldu, lakin hərdənbir görüşdük. Elnurdan ayrıldıqdan sonra Mayıl adlı şəxslə qeyri-rəsmi ər-arvad kimi yaşadıq. Bir dəfə Elnur mənə telefonla zəng edəndə telefonu Mayıl açdı, Elnura nalayiq söyüş söydü”.
Mayisə Sarıyevanın sözlərinə görə, hadisə baş verən günü saat 22 radələrində yaşadığı evin həyətində olarkən küçədə darvazanın yanında Mayılla Elnurun səsini eşidib və bayıra çıxıb: “Küçədə Elnurla Mayılın mübahisə etdiklərini gördüm. Elnur əli ilə Mayılı vurmaq istəyəndə əsəbləşdim, Elnura naylayiq sözlər dedim.
Elnur mənə fikir vermədi, mübahisəni davam etdirdi. Mübahisə daha da qızışdı, Mayıl Elnuru təhqir etdi. Elnur bu zaman əlində olan bıçaqla Mayılı vurmaq istəyəndə araya girdim. Bıçaq təsadüfən mənə dəydi. Elnur həkim çağırmaq istədikdə onu oradan qovdum, özüm həkimə müraciət etdim.
Əvvəlcə həkimə yıxıldığımı dedim. Lakin sonra Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşına hadisə barədə olduğu kimi məlumat verdim”.
Maysə Sarıyeva bildirib ki, hadisə olan zaman Elnurun ona xəsarət yetirmək niyyəti olmayıb: “Hadisə zamanı Mayıl Elnura dedi ki, məni heç kim vura bilməz, məni vurmaq istəyəni yenə söyərəm. Mayılı vurmaq istəyərkən bıçaq zərbəsi mənə dəydi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Bağırov 7 il müddətinə azadlıqdan məhrum edilib.