Bakının Nizami rayonunda 2002-ci il təvəllüdlü Tamerlan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Tamerlan Əliyev Qara Qarayev prospektində yetkinlik yaşına çatmayan tanışı Murad Mustafazadə ilə dava edib.
Dava zamanı Tamerlan Əliyev Murad Mustafazadəni yumruqla vuraraq, ona xəsarət yetirib.
Tamerlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Tamerlan Əliyev özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş Murad Mustafazadəni 210 nömrəli orta məktəbdə təhsil aldığı müddətdə, təxminən 2 ildən artıq olar ki, tanıyıb: “Murad məndən aşağı sinifdə oxuyub. Hadisə baş verənədək bizim aramızda düşmənçilik və ya ədavət olmayıb.
Hadisə baş verən günü saat 18 radəlarində evdən çıxıb yaxınlıqda yerləşən obyektdə kitabın surətini çıxarmaq üçün getdim. Yaşadığım binanın həyətindəki çardaqda təxminən 10-dan çox uşağın oturduğunu gördüm. Uşaqların içərisində tanıdığım 2-3 nəfər olduğundan onlara yaxınlaşdım, bir-bir əl verib, salamlaşmağa başladım. Həmin vaxt kənardakı oturacaqda oturan Murad yüksək səslə mənə söyüş söyərək, irad bildirdi ki, nə üçün hamı ilə bir-bir görüşürəm, ümumi salam verib gedim.
Bu sözlərin mənə aid olub-olmadığını dəqiqləşdirmək üçün ona sual verəndə, Murad ayağa durdu, mənə “sən bilirsən mən kiməm?”, - deyərək sual verdi. Ardınca Murad şalvarın ya arxa cibindən, ya da belinin kəmər hissəsindən bıçaq çıxardı, bıçağı sağ əlində tutaraq üzərimə gəldi. Ətrafda olan uşaqlar məni əhatəyə aldılar. Murad mənə yaxınlaşaraq bir dəfə altdan yuxarıya doğru, daha sonra yuxarıdan aşağıya doğru bıçağı istiqamətləndirdi ki, vursun. Geri çəkilərək özümü müdafiə etməyə çalışdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, arxadan bilmədiyi bir şəxs onu Muradın üzərinə tərəf itələyib: “Həmin anda Murad bıçağı sağdan sola tərəf zərblə gətirərək bədənimə tərəf istiqamətləndirdi. Bədənimi geriyə çəkdim ki, bıçaq mənə dəyməsin. Lakin bıçaq sağ qolumun iç tərəfinə, yəni bükəcək hissəyə dəydi. Qolumdan qan gəldi. Münaqişə zamanı Muradı özümdən kənarlaşdırmaq üçün ona tərəf bir yumruq atdım. Əlim Muradın ağız nahiyyəsində dəydi. Bundan sonra ətrafda olan uşaqlar araya girdi, Muradı tutaraq məni araladı və sakitləşdirdilər.
Yaxınlıqda olan subaşına gedərək qolumda olan qanı yudum. Uşaqlardan Kamran adlı biri mənə bint gətirdi. Mən öz yaramı bağladım. Hadisə Muradın təqsiri üzündən baş verib, Muradla mübahisə etmək, onu vurmaq niyyətim olmayıb”.
Nizami rayon Məhkəməsinin hökmü ilə istintaq orqanı tərəfindən Tamerlan Əliyevə verilən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə ittiham dəyişdirilib. Ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Hökmə əsasən, həmin maddə üzrə ittihamın icraatına xitam verilib, Tamerlan Əliyev cinayət məsuliyyətindən azad edilib.