İmişli rayonunda bacısının ərinə xəsarət yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Xəyalə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəyalə Nəsirova İmişli şəhərində yaşadığı evin darvazasının qarşısında bacısının rəsmi nihahda olmaqla ayrı yaşadığı əri zərərçəkmiş İlkin Bayramov ona və bacısı Vüsalə Bayramovaya yad şəxsin avtomobili ilə evə qayıtdıqlarına görə irad bildirib.
Bu səbəbdən Xəyalə Nəsirova ilə İlkin Bayramovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Xəyalə Nəsirova İlkin Bayramovun sifətinə şillə, sonra isə yerdən götürdüyü çay daşı ilə alnına vurub.
İstintaq orqanı tərəfindən Xəyalə Nəsirovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
İmişli rayon Məhkəməsinin hökmü ilə Xəyalə Nəsirovanın barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Buna səbəb zərərçəkmiş İlkin Bayramovun Xəyalə Nəsirova ilə barışması barədə məhkəməyə təqdim etdiyi ərizə olub.