2 Dekabr 2020 10:56
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qayınanasına xəsarət yetirməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Abbas Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Abbas Abbasov Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində münaqişə zamanı qayınanası Janna Abbasovanı vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Abbas Abbasovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas Abbasov bildirib ki, Tamilla həyat yoldaşı, Janna isə qayınanasıdır: “Tamilla ilə 17 il əvvəl ailə həyatı qurmuşam. Birgə nikahımzdan iki qız və bir oğlan övladlarımız var. Həyat yoldaşım Tamilla ilə münasibətlərim həmişə normal olub, bir-birimizi başa düşmüşük. Bəzən hər ailədə olduğu kimi narazılıqlar olsa da, öz aramızda həll etmişik.

Bir müddət əvvəl isə qayınanam Janna qaynım Ruslanla aralarında yaranmış mübahisəyə görə yaşadığı evi tərk etdi, bizim evə gəldi. Qayınanamın ailəsində problem olduğunu düşündüm, onun yaşadığım evdə qalmasına etiraz etmədim. Evimdə qaldığı müddətdə onunla münasibətlərimiz normal olub. Tamilla ilə aramızda bəzən mübahisələr düşsə də, qayınanam buna qarışmayıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, son zamanlar onun və qaynının məhkumluğu ilə bağlı ciddi mübahisələri yaranıb, qayınanası Janna da buna qarışıb: “Janna və Tamilla qaynım Ruslanın məhkum olunmağının təqsirini məndə görürdülər. Hadisə baş verən günü, saat 22.00-da qonşularımızdan birinin yaşadığı evdə bir qədər spirtli içki qəbul edərək yaşadığım evə gəldim.

Bu zaman qayınanam Janna, həyat yoldaşım Tamilla və övladlarımın hər üçü evdə idi, yemək süfrəsi hələ açılmamışdı. Qonşuda olduğum müddətdə həyat yoldaşım Tamilla dəfələrlə məni çağırdığı üçün onunla aramızda mübahisə yarandı. Mübahisə bir qədər uzandıqda qayınanam da mübahisəyə qoşuldu. Səs-küyə qardaşım Əli də gəldi. Əli bizi sakitləşdirib getdi. Mən də evdən çıxaraq mağazaya yollandım, ərzaq aldım və yaşadığım evə qayıtdım.

Yoldaşımla yenidən mübahisə etdim. Mübhaisə zamanı Jannaya toxundum. Lakin onun xəsarət aldığını ehtimal etməmişdim. Törətdiyim əməldən səmimi peşmanam. Biz barışmışıq”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Janna Abbasova bildirib ki, qızı Tamilla ailə qurduqlarından bəri Abbas özünü qeyri-adekvat aparıb, həmişə ailələrində narazılıqlar olub: “Abbas mütəmadi münaqişə yaradırdı. Mənimlə Abbasın münasibəti yaxşı olmayıb. Abbas məni təhqir edib, onun işinə qarışmamağımı tələb edib. Bütün bunlarla yanaşı hər gün spirtli içki qəbul edirdi”.

Janna Abbasovanın sözlərinə görə, dekabrın 31-də, saat 18.00-da “Yeni il” bayramını və nəvəsi Dənizin doğum gününü qeyd etmək üçün qızı Tamillanın Ramana qəsəbəsində “Südçülük sovxozu” adlanan ərazidə yerləşən evlərinə gəlib: “Həmin vaxt qızım Tamilla, onun əri Abbas və nəvələrim evdə idi. Biz süfrə açmaq üçün hazırlaşmağa başladıq, Abbas isə evdən getdi. Qızımla süfrəni hazırladıq. Təxminən saat 23.00-da Abbas sərxoş vəziyyətdə evə gəldi.

Evin mətbəxində süfrə arxasında olarkən Abbas yenə də araq içməyə başladı. Təxminən bir saat sonra Abbas əsassız səbəblərdən, müxtəlif bəhanələr gətirərək deyinməyə, Tamillanı təhqir etməyə başladı və süfrədə olan stəkanları yerə ataraq sındırdı. Onu sakitləşdirmək istəsəm də, xeyri olmadı. Abbas ayağa qalxaraq Tamillanı əli ilə vurmağa başladı. Abbas əli ilə Tamillanın qollarına, təpiklə ayağına vurdu.

Tamilla dəhlizə qaçdıqda nəvələrim qorxduğu üçün Abbasın qabağına gəldim. Abbas bu zaman məni təhqir etdi, yumruğu ilə hər iki qoluma, təpiklə sağ ayağıma zərbə vurdu. Qapının qarşısında dayandım, Abbasın qızım və nəvələrimin yanına getməsinə imkan vermədim. Bu səbəbdən Abbas əvvəlcə yataq otağına getdi, sonra yenidən mətbəxə qayıdaraq bir qədər araq içdi”.

Zərərçəkmiş qeyd edib ki, Abbas onun evdən getməsini tələb edib. Hazırda barışdıqlarını deyən Janna Abbasova məhkəmədən cinayət işinin icraatına xitam veriməsini xahiş edib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Abbas Abbasovun barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər