Hacıqabulda ailə münaqişəsi zəminində növbəti qətl hadisəsi baş verib. Rayon xəstəxanasında orta yaşlı kişi öz həyat yoldaşını mübahisə və qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, Hacıqabul sakini əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Əhmədov İslam Abxan oğlu həyat yoldaşı 1963-cü il təvəllüdlü Əhmədova Bacxanım Məlik qızına 4 bıçaq zərbəsi ilə ağır xəsarətlər vurub. Sonuncu ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib.
Teleqraf.com-a rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün iş gününün sonunda, saat 17.30 radələrində xəstəxananın foyesində baş verib. Bildirilir ki, Bacxanım Əhmədova Hacıqabul rayon mərkəzi xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışıb.
Tibb bacısının iş yoldaşları qeyd ediblər ki, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayırdı. Bu səbəbdən B.Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Faciəli qətlin məhz bu səbəbdən törədildiyi ehtimal edilir.
Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Qətli törədən İslam Əhmədov polis tərəfindən saxlanılıb.