21 Oktyabr 2014 17:42
3 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq ittihamı ilə həbs olunan Rövşən Hacızadənin vəkili Ceyhun Yusifov mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Rövşən Hacızadə heç bir sübut olmadan həbs edilib.

Vəkilin sözlərinə görə, Rövşən Hacızadənin cinayət işi üzrə hazırda istintaq hərəkətləri davam etdirilir.
Vəkil əlavə edib ki, cinayət işi hüquqi müstəvidə öz həllini tapacaq: “Rövşən Hacızadə “Karat” MMC-də komendant olub və onun mənzil satmaq hüququ olmayıb. Buna baxmayaraq Rövşən Hacızadəyə dələduzluq ittihamı verilib. MMC-də millət vəkili Əsabil Qasımovun oğlu, qayın və digər qohumları vəzifədə olub və mənzilləri də satmaq deputatın qohumlarının səlahiyyətində olub”.

Vəkil daha sonra qeyd edib ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Rövşən Hacızadənin səhhəti ağır olaraq qalır. Vəkilin sözlərinə görə, Rövşən Hacızadənin səhhəti ilə bağlı istintaq prosesi 4 dəfə təxirə salınıb. Ceyhun Yusifov onu da bildirib ki, Rövşən Hacızadə barəsində Əsabil Qasımovun göstərişi ilə həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Vəkil həmin ittihamların əsassız olduğunu deyib: “Hesab edirəm ki, məhkəmə araşdırması zamanı Rövşən Hacızadənin günahsızlığı sübuta yetiriləcək.

Tədbirdə daha sonra Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva çıxış edib. O, qardaşının deputat Əsabil Qasımov tərəfindən şərlənərək həbs edildiyini deyib: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb. Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar çöldə sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə istintaqa cəlb edərək həbsə atıblar”.

Güllü Hacıyevanın sözlərinə görə, Əsabil Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün də onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən o, xəstə olmasına baxmayaraq ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qaravul işləyib. Bir müddət sonra həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlayıb. Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki bunlar əvvəlcədən planlaşdırılı ki, məsuliyyət qardaşımın üzərində qalsın”.

Güllü Hacıyeva qardaşının günahsız olması ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və İnsan haqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət etdiyini deyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər