6 Yanvar 2021 11:15
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mağaza sahibini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icratına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, qətl hadisəsi ötən ilin yanvarın 7-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib.

1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 1953-cü il təvəllüdlü Hikmət Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək qətlə yetirib, mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıblar.

Mağaza sahibi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində qətli törədən şəxslər saxlanılıb.

İstintaq orqanı tərəfindən Ehtiram Əliyev və Ələsgər Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov