31 Yanvar 2021 10:54
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qohumunu öldürməkdə təqsirli bilinən 1947-ci il təvəllüdlü Hüseyn Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il oktyabrın 25-də Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü İsa Mustafayevin odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1947-ci il təvəllüdlü Hüseyn Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Hüseyn Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər