2 Fevral 2021 09:43
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Rafiq Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin oktyabrın 30-da, saat 12 radələrində Abşeron rayonunun Digah qəsəbə sakini, 1985-ci il təvəllüdlü Sanara Əyyubovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rafiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov