Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elman Məmmədovun vəkili Adəm Məmmədov məhkəmə prosesinin audioyazı ilə keçirilməsini istəyib. Hakim vəkilin bu istəyini yerinə yetirib.
Daha sonra zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova iki vəsatət verib. Vəkil bildirib ki, Ramazan Səlimova dəymiş 334 min manat ödənilməyib. O, əlavə edib ki, Ramazan Səlimova 100 min manat mənəvi təzminat ödənilməsi barədə də vəsatət verib. Vəkil təqsirləındirilən Həsən Əliyevdən 434 min manat tutularaq Ramazan Səlimova verilməsi tələb edib. Hakimlər hər iki məsələyə məhkəmənin yekun qərarında qiymət veriləcəyini deyib.
Xatırladaq ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Onu da qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
Hacı Zeynalov