28 Aprel 2021 12:14
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda 9 aylıq hamilə arvadının intiharında təqsirli bilinən 1985-ci il təvəllüdlü Akif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Akif Ağayev 2016-cı ilin noyabrında Əfsanə ilə ailə qurub. Onlar Quba rayonu, birinci Nügədi kəndində yaşayıblar.

Yaşadıqları müddətdə yalnız Akif özü işləməklə ailənin yeganə qazanc mənbəyi olub. O, ailə qurduqdan 2-3 ay sonra mütamadi spirtli içkilərin təsiri altında heç yerdə işləməyıb, maddi cəhətdən ondan asılı olan arvadı Əfsanə ilə aralarında dəfələrlə mübahisə baş verib.

Münaqişələrin sonunda Akif arvadını nalayiq sözlərlə söyüb, ləyaqətini alçatmaqla döyüb.

Akif 2017-ci ilin sonlarında yaşadığı evin birinci mərtəbəsində tanışları ilə spirtli içki qəbul edən zaman Əfsanəni özlərinin olduğu isti otaqdan qovaraq körpə uşağı ilə birlikdə həmin evin ikinci mərtəbəsindəki soyuq otağa göndərib. Soyuqdan bədəni göyərən Əfsanə psixi və fiziki iztirab çəkib.

Bundan başqa, Akif 2018-ci ilin yay aylarında Əfsanənin evdə içərisində spirtli içki olan şüşəni atmasını bəhanə edərək onu nalayiq sözlərlə söyüb, saçlarını yolub. O, arvadına nalayiq ifadələrlə xitab edib.

Əfsanə onun və qayınanasının mobil telefonu ilə gizlin şəkildə anasına və qardaşına zəng edib, bu barədə məlumat verib, onu ata evinə aparmalarını xahiş edib.

Lakin ata evində bir müddət qaldıqdan sonra ailəsinin dağılmaması xatirinə bu barədə müvafiq hüquq-mühafizə orqanlara məlumat verməyib, ailəsinin yanına qayıdıb.

Bununla belə, Akif Əfsanəyə qarşı amansız rəftarını, ləyaqətini mütamadi olaraq alçaltmasını davam etdirib.

Sonda 2019-cu il noyabrın 5-də, saat 19 radələrində Akif yaşadıqları evdə ailə münaqişəsi zəminində aralarında yenə də cüzi səbəbdən baş vermiş mübahisəni bəhanə edib, sərxoş vəziyyətdə anası və azyaşlı uşağının gözü qarşısında təkrar eyni tipli nalayiq ifadələrlə Əfsanəni təhqir edib. O, Əfsanəni təhqir edərək 8-9 aylıq hamilə olduğunu bildiyi halda onun boyun nahiyəsindən əli ilə vurub.

Əfsanə bu kimi yaşayış tərzindən bezərək özünü öldürmək qənaətinə gəlib. Bu məqsədlə o, həmin gün saat 19.15-də yaşadığı evin arxasına gedib və oradakı yardımçı tikilinin tavanından özünü kəndirlə asıb.

İstintaq orqanı tərəfindən Akif Ağayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunub.

Quba rayon Məhkəməsinin hökmü ilə Akif Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Əfsanə Ağayevanın hüquqi varisi Emin Mustafayev apelyasiya şikayəti verib. O, Akif Ağayevin barəsində olan hökmün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə təqsirli bilinərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş edib.

Emin Mustafayev qeyd edib ki, Akif Ağayevin əməli zərərçəkmiş şəxsin özünü öldürmə həddinə çatdırma kimi yox, köməksiz vəziyyətdə olan hamilə qadını qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. O, hesab edib ki, hadisə təsadüf nəticəsində deyil, təqsirləndirilən şəxsin hadisədən əvvəlki dövrlərdə zərərçəkmiş şəxsə alçaldıcı və əzabverici münasibətin, qəsdin nəticəsi olub.

Emin Mustafayevin fikrincə, hadisə baş verən zaman təqsirləndirilən şəxs Əfsanə Ağayevanın özünü ölüdərəcəyini görüb, dərk edib, onun ölümünü istəyib: “Bu fakt onun qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmasını zəruri edir. Əfsanə Ağayevanın ölümü ilə bağlı dəfn xərcləri çəkilsə də, təqsirləndirilən şəxsin nə özü, nə də anası həmin xərcləri ödəməyə cəhd göstərməyib. Əksinə onların Əfsanə Ağayevaya bağışladığım 2000 manat dəyərində olan mal-qaranı sataraq bizə maddi ziyan vurublar”.

Akif Ağayevin müdafiəçisi də apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində həbs olmayan cəza növünün təyin olunmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda hər iki tərəfin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Şikayətlər təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər