Saatlı rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il noyabrın 11-də Saatlı rayonu, Orta Muğan kənd sakini, 1993-cü il təvəllüdlü Aynur Əliyevanın bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri, 1987-ci il təvəllüdlü Qadir Şirinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək, Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Qadir Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.