Göyçay rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Ruslan Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu il fevralın 18-də, saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Polad Salehovun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla Göyçay şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Ruslan Xəlilovun fevralın 18-i saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci ildə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Ruslan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.