Bu gün Bakı Apelyasiya Məhkəməsində özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən Minarə Allahverdiyevanın məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Minarə Allahverdiyeva işə düzəltmək adı ilə bir neçə nəfərdən pul alıb. O, icra hakimiyyətinin və bələdiyyənin vəzifəli şəxsləri adından da istifadə edib, torpaq satmaq adı ilə 10-dan çox şəxsi aldadıb. Onu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.
Minarə Allahverdiyeva özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər dövlət qurumlarının işçisi kimi təqdim edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minarə Allahverdiyeva 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Minarə Allahverdiyeva apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Minarə Allahverdiyevanın apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov