Bəzi sosial şəbəkə səhifələrində Hacıqabul rayon sakini olan qadının kürəkəni tərəfindən döyülməsi və bu məsələnin araşdırmaması ilə bağlı iddialar paylaşılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Rayon polis şöbəsi tərəfindən şikayətə baxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Avqustun 20-də Hacıqabul rayon sakini Süriyya Xudayarovanın sifət nahiyəsindən aldığı xəsarətlərlə əlaqədar Hacıqabul rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Eləcə də zərərçəkən qadın və qızları rayon polis şöbəsinə müraciət edərək, həmin hadisə barədə məlumat veriblər.
Daxil olmuş məlumat və müraciətlərlə əlaqədar dərhal Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkənin və yaxınlarının izahatları alınıb.
Aparılan araşdırmalar nəticəsində S.Xudayarovaya kürəkəni M.Nəzərov tərəfindən xəsarət yetirildiyi müəyyən edilib.
Hazırda faktla bağlı Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.