Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bico kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 85 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkiləri bir müddət həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, B.Mahmudovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.