Quba rayonunda 2001-ci il təvəllüdlü Elnar həmkəndlisi Əbülfətə xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 5-də, saat təxminən 20 radələrində Quba rayonu, Üçgün kəndində baş verib.
Elnar kənd məscidinin yanında Əbülfət ilə salam almamaq üstündə aralarında yaranmış mübahisə zamanı onu döyüb.
İstintaq orqanı tərəfindən Elnarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Əbülfət kəndçisidir, aralarında ədavət və düşmənçilik yoxdur: “Sentyabrın 5-də, saat 20 radələrində kəndçimiz Samir ilə birlikdə məscidin yanında olduğumuz zaman Əbülfət yanımıza gəldi, bizə salam verdi Həmin vaxt telefonla danışdığımdan Əbülfətin salamını almadım. Əbülfət içkili olduğu üçün salamını almadığım üçün aramızda mübahisə yarandı. Əbülfət məni söydü, təhqir etdi. Bundan əsəbləşdim. Yumruqla onun sifətindən vurdum. Zərbənin təsirindən Əbülfət yerə yıxıldı. Sonra Əbülfət yerdən qalxdı. Təpiklə onun qarnından vuraraq yerə yıxdım. Samir bizi ayırdı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əbülfətin sözlərinə görə, sentyabrın 5-də, saat 20 radələrində kəndin içinə gəzməyə çıxıb, daha sonra kənd məscidinin yanına gəlib: “Bu zaman orada məscidin yanında yerdə Elnar və yanında Samir adlı şəxslərin oturduqlarını gördüm. Onlara yaxınlaşaraq salam verdim. Samir salamımı alsada, Elnar mənə cavab vermədi. Elnardan “niyə salamımı almırsan” deyə soruşdum. Elnar “yaxşı edirəm sənin salamını almıram” dedi. Bundan əsəbləşdim, Elnarı təhqir etdim. Bu səbəbdən də aramızda mübahisə yarandı. Mübahisə zamanı Elnar üzümdən yumruqla bir dəfə vurdu. Yerə yıxıldım və yerdən qalxanda Elnarın üstünə getdim. Elnar qarnımdan təpiklə vurdu. Bizi Samir ayırdı və beləliklə mübahisə sonlandı”.
Zərərçəkmişin ifadəsinə görə, sonra polis şöbəsinə gedib və hadisə barədə şikayət edib. O, ifadəsinin sonunda Elnar ilə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.
Quba rayon Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəzərə alınıb.
Bu səbəbdən Elnarın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.