20 Noyabr 2021 14:18
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda 1955-ci il təvəllüdlü Zaman atası Xanbabaya xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Zaman 24 sentyabr 2021-ci ildə, saat təxminən 17 radələrində Quba rayonu, Qımıl-qazma kəndində yaşadığı evdə mübahisə zamanı atası Xanbabanın sifətindən, bədəninin digər nahiyələrindən yumruq və şillə ilə vuraraq ona müxətlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Zamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Zaman ittiham üzrə özünü təqsirli bilib. Törətdiyi əməli etiraf edən Zamanın sözlərinə görə, ara-sıra spirtli içki qəbul edib və bu səbəbdən atası ilə aralarında mübahisə yaranıb: “Sentyabrın 24-də evimizin həyətində sərxoş vəziyyətdə olarkən atam içki içdiyim üçün mənə iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı.

Həmin vaxt atam üstümə odun parçası atdı və odun parçası qulaq nahiyəmdən dəydi. Bundan əsəbləşərək onun üstünə getdim. Atam qaçaraq evə girdi. Onun arxasınca evə girdim. Otaqda atamın sifət və bədən nahiyələrindən yumruq, şillə ilə vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xanbaba qeyd edib ki, oğlu tərəfindən döyüləndən sonra Daxili İşlər Nazirliyinin “102 Zəng” mərkəzinə məlumat verib. O, oğlunun bağışladığını, ondan şikayətçi olmadığını bildirib.

Quba rayon Məhkəməsində hakim Rahim Həsənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Hökmdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlaması nəzərə alınıb.

Bu səbəbdən Zamanın barəsində ittihamedici hökm çıxarılmayıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov