23 Noyabr 2021 14:05
2 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim 1983-cü il təvəllüdlü sevgilisi Leylanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Abdulhalim qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Leylanın mobil telefon vasitəsi ilə ayrı-ayrı kişilərlə danışması səbəbindən onunla dəfələrlə mübahisə edib.

Sonuncu dəfə 2 yanvar 2021-ci ildə gecə saat 3 radələrində Leylanın mobil telefonunu yenidən yoxlayarkən tanımadığı bir kişiyə mənsub olduğunu bildiyi telefon nömrəsinə “Sevil” adı yazdığını görüb. O, yataq otağında yatmış vəziyyətdə olan Leylanı yuxudan oyadaraq bu barədə sorğu-sual edib, amma cavablardan qane olmayıb.

Abdulhalim yataq otağından çıxmaqla yüksək səslə mübahisəni davam etdirib. Leyla onun ardınca gəlib və ona cavab qaytarıb.

Bu zaman Abdulhalim mətbəxdə olan dolabdan bıçaq götürüb və onun bədən nahiyəsinə ardıcıl zərbələr vurmağa başlayıb. Mənzilin qonaq otağında yatmış vəziyyətdə olan azyaşlı qızı eşitdiyi qışqırıq səslərinə oyanıb və ora gəlib, onu arxadan tutub.

“Aramızda sevgi münasibətləri yarandı”

Azyaşlının bu cəhdlərinə məhəl qoymayan Abdulhalim qızının gözü qarşısında Leylaya daha bir neçə bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Abdulhalimin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abdulhalim elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 20 ilə yaxındır Azərbaycan Respublikasında yaşayıb, burada işləyib: “Leyla ilə təxminən 3 il əvvəl ortaq tanışlarımız vasitəsilə tanış oldum, aramızda sevgi münasibətləri yarandı, Leylanın kirayədə qaldığı evdə birgə yaşamağa başladıq. Leyla ilə münasibətlərim yaxşı olub. Onun qızları Səma və Məlahətə də öz qızlarım kimi baxmışam”.

“Haqqım çatmadı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, son aylarda Leyla ilə aralarında problemlər yaranıb:

“Leyla bəzən evə çox gec gəlir, bəzən isə rəfiqəsinin evində qalacağını bəhanə edərək ümumiyyətlə gəlmirdi. Hətta bir neçə dəfə onun mobil telefonla gizlin danışdığının, kənarda yazışdığının şahidi olmuşam. Leyladan şübhələnməyə başladım və dəfələrlə onun vatsap vasitəsilə başqa kişilərlə yazışmalarını tutdum.

Leylanın bu hərəkətləri məni qıcıqlandırsa da, onunla rəsmi nikahda olmadığımız üçün şəxsi həyatına müdaxilə etməyə haqqım çatmadı. Bezdirdiyim üçün o mənə dəfələrlə evindən getməyimi təklif etdi. Lakin Leyladan ayrıla bilmədim”.

“Nömrə hansısa oğlana məxsus olub”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 1 yanvar 2021-ci ildə gecə yatmaq üçün yataq otağına gedib: “Leyla yorğun olduğunu deyərək yatdı. Bu zaman telefonunda film izlədi. Səma və Məlahət də qonaq otağında yerdə yatmışdılar. Bir müddət sonra Leylanın artıq yuxuya getdiyini gördüm.

Telefonundakı vatsap proqramını açdım və nömrələr siyahısındakı şəxsləri yoxladım. Bu zaman bir nömrənin telefonda “Sevil” adı altında yazıldığını gördüm. Həmin nömrəni bir dəfə də Leylanın telefonunda görmüşdüm və bu nömrə hansısa oğlana məxsus idi”.

“Mənə xəyanət etdiyini düşünüb qəzəbləndim”

Abdulhalim bildirib ki, “Sevil” adı altında qeydiyyatda olan nömrə ilə Leyla arasında hər hansı bir yazışma olmayıb: “Həmin nömrənin telefonun yaddaşında olmasını sonradan Leylaya sübut etmək üçün ekranın şəkilini çəkmək istəyəndə telefon söndü və koda düşdü.

Leylanı oyadaraq həmin nömrənin hələ də siyahıda saxlanılmasının səbəbini soruşdum. O, səhvən əlinin dəydiyini və nömrənin qeydiyyata düşdüyünü dedi. Onun sözlərinə inanmadım, yalan danışdığını dedim. Bundan sonra Leyla özündən çıxaraq ümumiyyətlə məni görmək istəmədiyini, bu səbəbdən evi tərk etməyimi əmr etdi.

Məni itələyərək yataq otağından çıxardı və ağır söyüşlərlə təhqir etdi. Leylanın mənə xəyanət ehtimalını düşünərək çox qəzəbləndim. Sanki özümü itirdim, mətbəxdə soyuducunun yanındakı şkafda olan bıçağı götürdüm, Leylanın cəzalandırmaq üçün onun üstünə getdim. Leyla isə cəld şəkildə yataq otağına keçdi”.

“Təslim oldum”

Abdulhalim qeyd edib ki, Leylanın ardınca otağa daxil olub və onun bədəninin müxtəlif nahiyələrinə sayını xatırlamadığı bıçaq zərbələri vurub: “Birdən kiminsə başımı arxadan tutduğunu hiss etdim, arxaya çevrilərkən Leylanın böyük qızı Səmanı gördüm. Əlim boşaldı, daha Leylanı vura bilmədim, bıçağı yerə atdım.

Baş verənlərdən sonra artıq yaşamaq istəmədiyim üçün əlimdəki bıçaqla öz qarnıma xəsarətlər yetirdim. Evdə yaranmış səs-küyə Leylanın qonşu mənzildə yaşayan qohumları gəldi. Mən mənzildən çıxaraq pilləkənlərlə aşağı düşdüm. Bıçaq əlimdə tutmaqla və qarnımdan qan axan şəkildə polisə məlumat vermək qərarına gəldim.

Evin yaxınlığındakı polislərin olduğunu bildiyim binaya doğru getdim. Həmin yerdə iki polis əməkdaşı gördüm. Onlara hadisəni törətdiyim bıçağı könüllü təqdim edərək təslim oldum”.

Abdulhalimin ifadəsinə görə, bundan sonra yaralı olduğu üçün Respublika Klinik Xəstəxanasına aparılıb: “Lakin sonradan Leyla da oraya gətirildiyindən məni 3 saylı Şəhər Klinik Xəstəxanasına apardılar”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, azyaşlı qızları 2007-ci il təvəllüdlü Səma və 2014-cü il təvəllüdlü Məlahətlə birlikdə yaşayır: “Qızlarımın ataları müxtəlif şəxslərdir və onların heç biriylə rəsmi nikahım olmayıb. Tibb texnikumunu bitirdiyimdən ayrı-ayrı şəxslərin evlərinə gedərək onlara sistem qoymuşam, iynə vurmuşam. Bu yolla da özümü və qızlarımı dolandırmışam.

Həmçinin Azadlıq prospektində “Dostluq” kinoteatrının yaxınlığında yerləşən “Memi” adlı geyim mağazasında yeni gələn paltarların açılıb-yığılmasına köməlik etmişəm. Bunun qarşılığında da müəyyən məbləğdə pul almışam”.

“Mənə yaxınlıq etmək istədiyini bildirdi”

Zərərçəkmiş şəxs qeyd edib ki, Abdulhalimi 3 ilə yaxın müddətdə tanıyıb: “6-7 ay dost olduqdan sonra aramızda yaxın münasibətlər yarandı və bir yerdə yaşadıq. Abdulhalimin deməsinə görə, onun rəsmi nikahı var, lakin arvadı qadın xəstəliyindən əziyyət çəkdiyindən onun başqa qadınla görüşməsinə etirazı olmayıb.

Abdulhalim vaxtaşırı Qazaxıstan Respublikasına işləməyə gedib. Lakin 2019-cu ilin sonlarından etibarən daima birlikdə mənim kirayə qaldığım evdə yaşamışıq. Mənə və övladlarıma qarşı mehriban olub, bizimlə yaxşı rəftar edib, qızlarıma ata qayğısı göstərib və ümumiyyətlə sakit təbiətli insan olub. Lakin məlum hadisə baş verməmişdən qabaq son 3 ay müddətdə aramızda soyuqluq yarandı.

Həmin dövrdə “Dostluq” kinoteatrının yaxınlığında bir evdə xəstəyə sistem qoşdum, oradan çıxan zaman məhəllədə adının sonradan Namiq olduğunu bildiyim şəxs yaxınlaşaraq ona da sistem vurulmalı olduğunu bildirdi, nömrəmi istədi.

Həmin şəxs özünü aşıq kimi təqdim etdiyindən onunla razılaşdım, nömrəmi verdim. Adını da telefonumda “saz çalan” kimi qeyd etdim. Bundan sonra həmin şəxs mənə vatsap proqramı vasitəsilə mesaj yazaraq mənə yaxınlıq etmək istədiyini bildirdi. Onun təklifinə rədd cavabı verdiyim üçün bu şəxs mənə nalayiq mesajlar yazmağa başladı”.

“Mənə şəkil çəkərək atmağımı istədi”

Leylanın sözlərinə görə, bu söhbətdən sonra növbəti dəfə bir evə sistem qoşmaq üçün gedərkən telefonu evdə qalıb və həmin şəxsin ona yazdığı mesajları Abdulhalim görüb: “Evə qayıtdıqdan sonra Abdulhalim məni mesajlarla bağlı sorğu-suala tutdu. Vəziyyəti izah etdikdən sonra telefon nömrəmi dəyişməyimi istədi. Mən də nömrəmi dəyişdim.

Bu hadisədən sonra Abdulhalim daha da qısqanc oldu, mənə tez-tez zəng vurub, harada olmağımla maraqlanıb. İynə vurmaq və ya sistem qoşmaq üçün getdiyim evlərdən mənə şəkil çəkərək atmağımı istədi”.

“Birgə yaşamağımızın mümkünsüz olduğu dedim”

Leyla bildirib ki, 31 dekabr Yeni il bayramını Abdulhalimlə bir yerdə kirayə yaşadığı mənzildə qeyd edib və hər şey öz qaydasında olub: “1 yanvar 2021-ci ildə saat təxminən 14 radələrində evdən çıxdım, 4-5 ayrı-ayrı evlərdə iynə və sistem vurmağa getdim.

Saat 21 radələrində Azadlıq prospektində “Dostluq” kinoteatrının yaxınlığında çağırıldığım bir evdən çıxaraq tanışlarım Validə və Fərizə ilə görüşmək üçün Validəgilin mənzilinə getdim. Bir stəkan çay içərək saat təxminən 22 radələrində evə qayıtdım. Evdə də çay içdim, söhbət etdim.

Bir müddət sonra çox yorğun olduğumdan yatmaq üçün yataq otağına getdim. Telefon isə uşaqlarımda qaldı. Uşaqlar qonaq otağında öz yerlərində uzanaraq filmə baxdılar. Qısa müddətdən sonra Abdulhalim gələrək məni oyatdı, telefonumun kodunu açmağımı tələb etdi.

Yuxudan oyanaraq gecə vaxtı qısqanclıq etməyinin səbəbini soruşdum. Abdulhalim isə guya ona xəyanət etdiyim üçün telefonu açmaqdan yayındığımı bildirdi. Ona artıq mənasız qısqanclıqlarından bezdiyimi və məndən bu qədər çox şübhələndiyi halda birgə yaşamağımızın mümkünsüz olduğu dedim, evdən getməsini tələb etdim”.

Zərərçəkmiş bildirib ki, bundan əvvəl də buna bənzər hadisələr olub: “Abdulhalimdən evdən getməsini tələb etdikdə o, gah ip götürərək özünü asacağını, gah da bıçaqla özünü vuracağını söyləyib. Sonra da peşman olaraq barışmışıq. Həmin vaxt gecə saatları olduğundan artıq uşaqlar yatmışdı. Abdulhalimlə bir-birimizi söyməyə başladıq. Daha sonra yataq otağından çıxaraq dəhlizə çatanda Abdulhalim oradakı şkafda olan mətbəx bıçağını götürdü, üzərimə gəldi. Mən isə geri yataq otağına qaçdım.

Yataq otağının qapısı olmadığından Abdulhalim otağa daxil oldu və məni bıçaqla vurmağa başladı. Mən yerə yıxıldım. Yerdə olarkən Abdulhalim bədənimin müxtəlif nahiyələrinə bıçaqla zərbə vurmağı davam etdi. Ona müqavimət göstərməyə çalışsam da, buna nail ola bilmədim.

Möhkəm qışqıraraq qızım Səmanı səslədim. Qızıma qonşuluqda yaşayan qohumumuz Məmmədi çağırmasını bildirdim. Bundan sonra Abdulhalim əlindəki bıçağı yerə atdı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Abdulhalim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov