“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə İlqar İsmayılovun vəkili İlhamə Həsənova şirkətin xəzinəsinə İlqar İsmayılovun 2013-2014-cü illərdə 1.5 milyon, 500 min, 736 min, 320 min və 687 min manat köçürdüyünü sübut edən mədaxil qəbzlərini təqdim edib:
“Məhkəmədə dindirilən mühasib Samirə Quliyeva da təsdiqlədi ki, İlqar İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. Prokurorluq kreditin ödənişi üçün çıxarılan vəsaitləri hesablayır, amma köçürülən vəsaitləri yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə dəfələrlə çox vəsait mədaxil edib”.
Prokuror və “Adore Company”nin nümayəndəsi Samir İsayev kassaya pul köçürmələrini sübut edən sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib.
Məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.
Cinayət işinin materiallarındakı iddialardan biri də budur ki, İlqar İsmayılov “İdeal Kompani” MMC-dən mənimsədiyi vəsaitin bir hissəsinə “Şəhər bağları”nda mənzil alıb.
İddia olunur ki, bu məqsədlə şirkətin kassasında 280 min manat məxaric olunub. Lakin iş adamı bunun yalan olduğunu deyib.
Onun sözlərinə görə, “Şəhər bağları”ndakı evi 1 milyona alıb. Əvvəlcə 100 min manat beh verilib, sonra qalan 900 min manat da ödənilib.
Evi uzun illər sahibkarlıq nəticəsində əldə etdiyi qazancdan alıb və bunun şirkətə heç bir aidiyyəti olmayıb. Beh kimi verilmiş 100 min manatla bağlı tərəflər arasında müqaviləni İlqar İsmayılov tərəfdən Elvin Məmmədov imzalayıb. Məhkəmədə şahid qismində dindirilən Elvin Məmmədov bildirib ki, şirkətdə çalışdığı vaxtlarda onu çağırıb, “Şəhər bağları”nda almaq istədiyi evlə əlaqədar qarşı tərəflə müqavilə bağlanacağını istəyib, onu da bu məqsədlə göndərib:
"Həmin gün Vergilər Nazirliyinə də getməliydim, oradan bir qədər gec qayıtdım. Gələndə gördüm ki, müqavilə hazırdı, satan tərəf də 100 min manatın alınması barədə sənədi imzalayıb. Mən də öz tərəfimdən imzaladım. Məntiqlə, qarşı tərəf maraqlıdır ki, pulu alandan sonra imza atsın.
Düşündüm ki, deməli, bunlara pul çatıb ki, artıq müqaviləni imzalayıblar. Mən də imzamı atdım".
İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.