6 Dekabr 2021 18:10
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən bəzi sənədlər elan edilib.

Sənədlərdən məlum olub ki, ittihama əsasən, İlqar İsmayılovun 2013-cü ilin iyun ayında şirkətin kassaxından 280 min manat məxaric edərək “Şəhər Bağları” MTK-dam aldığı mənzilə görə ödəməsi də təsdiqini tapmır. Elan olunan sənədə əsasən İlqar İsmayılovun həmin mənzilə 1 milyon manat ödəyərək may ayında mənzilə sahib olub.

Vəkillər məhkəmədə vəsatət qaldırıb ki, Zərifə Həmzəyeva və “İdeal Kompani”də onu təmsil etmiş nümayəndəsi Fuad Əliyev məhkəmədə şahid qismində dinidirlisinlər: “Çünki ittihamda iddia olunur ki, İsmayılov 2011-ci ildə “İdeal”ın səhmlərinin bir hissəsini Həmzəyevaya satıb, onunla şərik olandan sonra şirkətin gəlirlərini onun xəbəri olmadan, özbaşına götürüb şəxsi ehtiyaclarına xərcləyib. İsmayılov isə deyir ki, yalandır, mənfəət həmişə digər təsisçi olan Həmzəyeva ilə bölüşdürülüb. Pulu da şirkətdə nümayəndəsi olan Fuad Əliyev çatdırıb.

Məhkəmədə dindirilən şahid Həbib Qarayev də bildirdi ki, gəlir kimi Zərifə Həmzəyevaya çatası vəsaiti dəfələrlə aparıb Fuad Əliyevə verib. Bu vəsaitlər də 500 min manatdan az olmayıb. Yazışmalardan da görünür ki, şirkətə faktiki rəhbərliyi Zərifə Həmzəyeva edib. Hətta şirkətə süpürgə alınmasından da xəbəri olub. Bütün məsələlər onun ətrafında cərəyan etdiyi halda, nədənsə, istintaq və məhkəmə onu dindirməyib”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Müdafiə tərəfi cinayət işinin materiallarında olan qəbzlərlə bağlı ekspertiza keçirilməsini istəyib: “İttihamda İlqar İsmayılova mənimsəməsi ittiham olunan 280 min manatlıq qəbz rəngli formada təqdim olunub. Həmin qəbzə diqqətlə baxdıqda qəbzin rəngli kserosurət olduğu aydın şəkildə görünür. Lakin həmin qəbz əsl olan sənəd kimi istintaqa təqdim edilib və mötəbər sənəd kimi qəbul edilib. Məlumdur ki, məhkəməyə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri təqdim oluna bilər. Ona görə də xahiş edirik ki, həmin sübutun mötəbərliyi baxımından qiymətləndirilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilməsi və sənədin əsl, yoxsa kserosurət olduğu aydınlaşdırılsın”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəsatətlərin təmin edilməməsindən sonra müdafiəçilər məhkəməyə təqsirləndirilən İlqar İsmayılovun yazılı etirazını elan ediblər. O, etirazında məhkəmənin ədalətli qərar çıxaracağına inanmadığını bildirib.

Hakim yazılı etirazı qəbul edib.

Növbəti proses dekabrın 13-də davam edəcək.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər