Bakıda 7 il əvvəl qətl törədib, istintaqdan yayınan və İnterpol xətti ilə axtarışa verilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin atası Nadir Muxtarov ifadə verib.
O bildirib ki, oğlu Avropa çempionudur: “Oğlum sərbəst güləş üzrə çempiondur. Mən özüm də məşqçiyəm. Böyükağa 1 nəfərlə gəldi mənim yanıma, məşq eləmək üçün danışmağa. Danişdıq, getdilər. Bir neçə gündən sonra hadisə baş verdi. Mən hadisənin səhəri günü bu barədə polisdən eşitdim. Hadisədən sonra 3 nəfər gəldi, məni Binəqədiyə apardılar, 3 gün orada polisdə saxladılar. Dedilər ki, oğlun qətl törədib. 3 gündən sonra buraxdılar”.
Nadir Muxtarov qeyd edib ki, oğlu tərəfindən qətlə yetirilən şəxsin yas yerinə getmək istəyib: “Amma məni yasa buraxmadılar, dedilər olmaz. Maraqlandım, dedilər ki, dava düşüb və mənim oğlum adam bıçaqlayıb. Oğlumu da görə bilmirdim, Gürcüstana getmişdi. Bundan qabaq da oğlum adam bıçaqladığı üçün tutulmuşdu. Cəzasını çəkəndən sonra buraxılmışdı”.
Zərərçəkmiş şəxsin anası bildirib ki, Nadir Muxtarov oğlunu həm istintaqdan, həm də onlardan gizlədib: “Heç olmasa hadisə barədə və oğlunun harada olmasını deyərdi. Bizə heç nə deməyib. Oğlunu da uzun müddət gizlətdi. O mənim oğlumu tanıyırdı. Oğlum onun yanında işləyirdi. Amma heç nəyi düz danışmadı. Bir dəfə də mənim qapıma başsağlığına gəlmədi”.
Digər şahid Cavanşir Əliyev isə deyib ki, hadisədən əvvəl restoranda olsa da, qətl barədə səhəri gün eşidib: “Xanımlarla klubda oturmuşdum, yeyib-içirdik. İbrahim də orda idi. O gəldi bizimlə görüşdü, getdi. Mənə dedi ki, istirahətə gəlib. Sonra Sərxan adlı tanışımızla restorandan çıxdı, dəniz tərəf getdi. Biz restorandan qızlarla çıxanda dedilər ki, nəsə dava olub. Amma qızlarla olduğum üçün oturub taksiyə getdik, maraqlanmadım. İbrahim səhər məni yığdı, xahiş elədi ki, Bərdəyə gedək. Getdik, Bərdədən pul götürdük, qayıdanda mənə dedi ki, belə bir hadisə olub, bir nəfər məni söydü, mən də bıçaqladım. Təklif elədim ki, get təslim ol. Özüm də getdim təslim oldum. 1 gün sorğu-sual edib buraxdılar. Daha sonra kafedə yanğın törətdiyim üçün həbs edildim”.
Hakim bildirib ki, şahid ibtidai istintaqa ifadəsində İbrahimə Sumqayıt şəhərində kriminal aləmin üzvü kimi “Vəziyyət İbrahim” deyildiyini bildirib. Şahid isə bu barədə məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunur.
İbrahim Muxtarov kriminal aləmin üzvü olub.