Şəmkir rayonunun Şiştəpə kəndində həyat yoldaşını ağır yaralamaqda, qayınanasını öldürməkdə, iki və daha çox şəxsi öldürməyə cəhddə təqsirləndirilən İntizam Hüseynovun məhkəməsi başlayır.
Teleqraf.com-un xəbərinə görə, işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Rayon porkurorluğunun yaydığı məlumata görə, həmin gün kənd sakini S.İbadullayeva qətlə yetirilib.
İstintaqla zərərçəkmişin kürəkəni İ.Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S.İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı Mahizər Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.