Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.
Əldə etdiyimiz məlumata görə, prosesdə zərərçəkmişlərdən Sərdar İsmayılov sərbəst ifadəsini davam etdirib: “Mənimlə Orxan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29,192.2.2-ci (qanunsuz sahibkarlıq) və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə istintaqı qanunsuz olaraq davam etdirdilər. Elman Abid oğlu Məsimovu, Məcid Məhəmmədəliyeviç Anqubazovu, Əfsəl Xanlar oğlu Həsənəliyevi və Cahangir İbrahim oğlu Məmmədovu da qaçaqmalçılıq maddəsi ilə heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün hamımız barəsində həbs qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasına birbaşa şərait yaradıblar”.
Zərərçəkmiş daha sonra qeyd edib ki, bu gün məhkəmə salonunda mühakimə olunan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparıb: “Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışan bizlərə gülürdülər. Bu adam telefon danışıqlarımızın özünə sərf etdiyi hissələrini bizə dinlətdirirdi. Deyəndə ki, 1 dəqiqəlik danışığa tam qulaq asıb söhbətin nədən getdiyini aydınlaşdıraq, buna imkan vermirdi.
Yasin Məmmədovun bircə tələbi vardı – pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən.
Mən 12 yaşından atasız böyümüşəm. Ailəmin – anam, bacım və qardaşımın gündəlik xərcləri 12 yaşımdan mənim üzərimdə olub. Çox çətin günlər görmüşəm. O illərdə ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Burada gecə-gündüz, isti-soyuq bilmədən işləyib ailəmə şərait qurmağa çalışdım. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticari əlaqələr qurdum.
Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Bu gün müttəhimlər kürsüsündə əyləşənlər belə də ediblər.
Mənə məxsus olan və cinayət yolu ilə ələ keçirilən mallar boşaldıldıqdan sonra Çingiz Ağayev anbarda malları saydırıb. O zaman bəlli olub ki, mallarda əskiklik var. Bunu Söhrab Mehtiyevə irad tutub. O da qardaşı oğlu Camalı Bakıxanov qəsəbəsində yerləşən və hazırda Vüqar Ülvi oğlu Cabbarovun adına rəsmiləşdirilən hamama – o zaman yarımtikili idi, ora aparıb. Söhrab Mehtiyev qardaşı oğlunu orada günlərlə ac-susuz saxlayıb döymüşdü. Hətta dişini də sındırmışdı. Camal Mehtiyevin əlində dişinin sındırılması haqda həkim rəyi də vardı.
Mən həbsdən azad ediləndən sonra Camal Mehtiyevlə görüşdüm. O, mallarımın Çingiz Ağayevlə Yaşar Cabbarova məxsus anbara daşınması, oradan kimlərə satış üçün verilməsi haqda tam məlumat verdi. Mənə mallarımın anbarda olmasını təsdiq edən fotoşəkilləri də təqdim etdi. Həmin fotoşəkilləri də məhkəməyə təqdim edirəm. Bizə qarşı qondarma cinayət işində mənə məxsus malların üzərindəki kodlarla həmin anbardakı qutuların üzərindəki kodlar dəqiqliyi ilə üst-üstə düşür.
Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub.
Bizə qarşı cinayət hazırlayan, iştirak edən Mövlam Şıxəliyev başda olmaqla Yasin Məmmədov və digərilərinin barəsində qanunun imkan verdiyi qədər sərt cəza verilməsini xahiş edirəm. Və malımın qaytarılması dəymiş maddi və mənəvi ziyanımın ödənilməsini tələb edirəm.
Növbəti proses yanvarın 25-də davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.