Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayonu, Yenikənd kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Osmanovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Prokuror bildirib ki, Elşən Osmanov Fərid adlı şəxslə və qeyriləri ilə tanış olaraq külli miqdarda saxta pul əldə edib, satmaq barədə öz aralarında razılığa gəliblər. O, 320 ədəd 100 ABŞ dollarından ibarət saxta əsginasları 5 sentyabr, 2014-cü ildə “Şərq bazarı” yaxınlığındakı kafedə şərti alıcı Arzu Qurbanova satarkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Yaxalanarkən Elşən Osmanovun şalvarının cibindən 12200 dollar, şərti alıcının cibindən isə 31700 saxta ABŞ dolları aşkar edilərək götürülüb. Elşən Osmanov Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham edilib.
Məhkəmədə ifadə verən Elşən Osmanov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, bildirib ki, həbs olunmamışdan üç ay əvvəl Bakıya gəlib. Onun sözlərinə görə, paytaxt ərazisində yerləşən müxtəlif tikintilərdə usta işləyib: “Hadisədən üç-dörd gün əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinin qarşısında Fərid adlı şəxslə təsadüfən tanış olmuşam. Fərid mənə 300 ədəd saxta 100-lük dollarının olduğunu dedi. Həmin əsginasları 20 faizlə satmağı təklif etdi və bu işdən gəlir əldə edə biləcəyimizi söylədi. Ondan saxta pulları haradan və kimdən aldığını soruşmadım. Fərid həmin gün mənə 320 ədəd 100-lük dollar verdi. O gündən də müştəri axtarmağa başladım. Fərid mənə saxta pul alıcılarının adətən ”Şərq bazarı"nın qarşısına toplaşdıqlarını və ora getməyimi məsləhət gördü".
Elşən Osmanov daha sonra qeyd edib ki, saxta əsginasları satmaq üçün “Şərq bazarı”nın yaxınlığındakı kafelərdən birinə gedib: “Kafeyə gedib çay sifariş etdim. Yaxınlıqdakı masada 50 yaşlı bir kişi tək əyləşmişdi. Onu oturduğum masaya dəvət etdim. Mənə adının Arzu olduğunu bildirdi. Səmimi söhbət zamanı ona 320 ədəd saxta dollar olduğunu dedim və bir neçəsini göstərdim, 30 faizə sata bilərsə, xeyir qazana biləcəyimizi söylədim. Bir qədər söhbət etdikdən sonra ayrıldıq. Təxminən 40 dəqiqədən sonra Arzu geri qayıdıb müştəri tapdığını, həmin şəxsin külli miqdarda saxta pul almaq istədiyini açıqladı. Arzuya 3 ədəd saxta 100 ABŞ dollarını 90 manata satdım. Fəridlə görüşüb pulu ona verdim. Arzu demişdi ki, yerdəqalan 317 ədədə görə mənə 12 min dollar verəcək. Həmin gün Arzu ilə yenidən görüşdüm, pulları sayıb mənə verdi, cibimə qoydum. Elə bu an mülki geyimli şəxslər bizə yaxınlaşdılar, polis olduqlarını dedilər. Yanlarında iki nəfər hal şahidi də var idi. Sonradan məlum oldu ki, iki dəfə məndən saxta pul alan Arzu əslində polis əməkdaşlarının tədbirində şərti alıcı qismində iştirak edibmiş”.
Məhkəmə iclası noyabrın 25-də davam etdiriləcək.