Şəmkir rayonunda 1962-ci il təvəllüdlü Arzuman Məmmədov həmkəndlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanovun bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 23 iyun 2021-ci ildə saat 22 radələrində Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisindən dəmir yolunun yaxınlığında yerləşən “Çəkillik” adlanan ərazidə baş verib.
Arzuman Şahmarla pul borcu üstündə mübahisə ediblər. Mübahisə zamanı Arzuman üzərində gəzdirdiyi bıçaqla Şahmara xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Arzumanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Arzuman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şahmarı uşaqlıqdan tanıyır, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb: “İyunun 23-də saat 06-dan saat 12-yə qədər həmkəndlimiz Elşənin bağında işlədikdən sonra mənə 10 manat verdi. Mağazaya gedərək 250 qramlıq araq aldım, yaşadığım evə getdim. Arağı təkbaşına içdim. Bundan sonra Əzizin çayxanasına getdim. Əzizin oğlu İsmayıl və Bəhi orada idi. Saat 21.30-da öz yaşadığım evə gedərkən qardaşım arvadı Gülər məni yolda gördü, Şahmarın sərxoş olduğu üçün yaşadığı evin yaxınlığında onun ünvanına ucadan nalayiq ifadələr işlətdiyini dedi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Gülər ona bu sözləri dedikdən sonra Şahmarla nə səbəb qardaşı arvadını təhqiq etdiyini aydınlaşdırmaq istəyib: “Evdən çıxdım, Şahmarı tapmaq üçün Əzizin çayxanasına getsəm də, orada yox idi. Buna görə də yaşadığım evə qayıtmaq qərarına gəldim. Evə qayıdarkən təxminən saat 22 radələrində Şahmarı Əzizgilin evinin yanında gördüm. Ona tərəf getdim. Şahmarın sərxoş vəziyyətdə idi.
Nə səbəbə evimizin yanında nalayiq ifadələr işlətdiyini və qardaşım arvadını təhqir etdiyini soruşdum. Şahmar səbəbsiz yerə başı ilə burnumdan vurdu. Üstümdə olan bıçağı çıxardaraq Şahmarın qarın nahiyəsinə bir dəfə zərbə vurdum. Şahmarı geri çəkildi, yerdən daş götürərək məni vurmaq istədi. Mən isə oradan getdim. Bıçağı evdə stolun üstünə qoydum”.
Arzuman bildirib ki, bir qədər evdə gözlədikdən sonra təxminən saat 23 radələrində yenidən Əzizin çayxanasına gedib: “Çayxanada Elxan və yanında tanımadığım bir nəfər vardı. Elxanla çayxanada oturan zaman yanındakı şəxs Şahmarın bıçaq götürərək gələcəyini və məni vuracağını dedi.
Çayxanada olan zaman Şahmar oraya gəldi. Mənə çayxanadan çıxmağı təklif etdi və söhbət etməli olduğu dedi. Yenidən aramızda mübahisə yaranacağını düşündüyüm üçün çayxananın digər tərəfi ilə çıxdım, öz yaşadığım evə getdim. Su içib, yenidən evdən çıxdım. Zəyəm qəsəbəsi “Stansiya” adlanan ərazidə olarkən polis əməkdaşları məni saxladılar”.
Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra Şahmarla barışıb, onun sağalması üçün tibbi xərcləri ödəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şahmar deyib ki, Arzumanla Şəmkir şəhəri ərazisində fəhləliklə məşğul olurlar: “İyunun 22-də Arzumanla Şəmkir şəhəri ərazisində olarkən gün ərzində ona 15 manat məbləğində pul xərcləmişəm. Arzuman işləyərək pulu qaytaracağını dedi. Sonradan 5 manat geri qaytardı, 10 manat borcu qaldı. İyunun 23-də, saat 21 radələrində Arzumandan pulumu almaq üçün sonun yaşadığı evə getdim. Arzuman evdə yox idi. Qonşuluqda yaşayan Arzumanın qardaşı arvadı Gülər nə səbəbə Arzumanı axtardığımı soruşdu, məni təhqir etdi. Əsəbləşərək nalayiq ifadələr işlətdim”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, iyunun 23-də, saat 22 radələrində Zəyəm qəsəbəsi ərazisindən keçən dəmir yolunun yaxınlığında olarkən Arzumanın oradan keçdiyini görüb: “Səsləyərək onu yanıma çağırdım, pulumu niyə qaytarmadığını dedim. Arzuman uca səslə mənə cavab qaytardı. Aramızda mübahisə yarandı. Dalaşarkən yumruqla sifətinə vurdum. Bu zaman Arzuman cibindən çıxartdığı bıçaqla məni vurdu. Yerdən daş götürərək Arzumanı vurmaq istədim. Qaçaraq oradan uzaqlaşdı.
Bundan sonra yaxınlıqdakı çayxanada olan şəxslər də oraya toplaşdılar. Yaşadığım evə getdim. Qardaşım oğlu Sənana Arzumanın məni vurduğunu dedim”.
Şahmar deyib ki, sonra qardaşı Bayram evə gəlib: “Mənim bıçaqla vurulduğumu gördü, 102 xidmətinə və təcili yardıma zəng vurdu, baş vermiş hadisə barədə məlumat verdi”.
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ondan şikayəti yoxdur.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Arzuman 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.