15 Fevral 2022 18:07
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.

Jurnalistlər məhkəmə iclasına buraxılmalarına şərait yaradılması ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova və Mövlam Şıxəliyevin cinayət işinin araşdıran hakim Elbəy Allahverdiyevə rəsmi məktubla müraciət ediblər.

Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı “Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” saytları və “Yeni Müsavat” qəzetinin baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar.

Buna baxmayaraq jurnalistlərin növbəti məhkəmə iclasında iştirakı təmin olunmayıb. Bu barədə jurnalistlərə heç bir rəsmi, qeyri-rəsmi cavab verilməyib.

Əldə etdiyimiz məlumata görə, bu gün keçirilən prosesdə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim Elbəy Allahverdiyev heş bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.

Bundan sonra zərərçəkənlərdən Namil Rzayev sərbəst ifadə verib. Namil Rzayev deyib ki, “Texnikabank”da əmanəti olub. Mövlam Şıxəliyevin rəhbərliyi altında “Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov onu MTN-in İstintaq İdarəsinə çağırıb: “Mən Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsi ilə Mövlam Şıxəliyevlə tanış olmuşdum.

Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi dedi ki, sizi “Texnikabank” işi ilə bağlı səni həbs edəcəyəm. Məndən 1 milyon pul tələb etdi.

Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Məni onun kabinetinə apardı.

Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz “Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız.

Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir.

Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.

Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım”.

Zərərçəkən Namil Rzayev sərbəst ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırıb. O deyib ki, Mövlam Şıxəliyevlə uzun illər əvvəldən tanış olub: “Onun xeyir işində də, şər işində də iştirak etmişdim. Vüsal məni MTN-ə çağıranda dedi ki, səni həbs edəcəyəm. Vüsal Ələkbərovun otağında, iş masasının üstündə Mövlam Şıxəliyevin çərçivəyə salınmış fotosunu gördüm. Soruşdum ki, bu kimdir? Dedi ki, rəisimizdir.

Ona dedim ki, get rəisinə de ki, Namil Rzayev gəlib. O da getdi dedi və məni apardı Mövlam Şıxəliyevn yanına. Mövlam Şıxəliyev də ədəb-ərkanla mənimlə görüşdü, çay içdik. Sonra da Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən. Verməsən, həbsə gedəcəksən”.

Dövlət ittihamçısı pulu 2 hissədə verməsinin səbəbini soruşub. Namil Rzayev deyib ki, pulu iki hissəyə ayrıb verməsini ona Mövlam Şıxəliyev tapşırıb: “Mövlam Şıxəliyev mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu – 200 min dolları isə mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, “Texnikabank”a qoyduğum əmanətimin mənə qaytarılmasına köməklik göstərsin. Məktubun surəti məndə var və məhkəməyə də təqdim edirəm.

Lakin Mövlam Şıxəliyev məni aldatdı, “Texnikabank”dakı əmanətimi qaytarmadı. Ona görə də mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”.

Dövlət ittihamçısının dəqiqləşdirici sualı Mövlam Şıxəliyevin Namil Rzayevdən aldığı 200 min dollarla bağlı olub. Dövlət ittihamşçısı “Mövlam Şıxəliyev kimsə bilməsin deyəndə kimi nəzərdə tuturdu” sualına zərərçəkən “Mövlam Şıxəliyev Eldar Mahmudovdan bu məsələni gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”.

Bundan sonra zərərçəkən Namil Rzayevdən mütəşəkkil cinayətkar quldur dəstə şəkilində, hədə-qorxu ilə pul alınması epizodu üzrə şahid Hüseyn Mustafayev sərbəst ifadə verib.

Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı Vüsal Ələkbərovun mövqeyini xəbər alıb. Vüsal Ələkbərov ifadə verməkdən imtina eləyib.

Eyni təkliflə dövlət ittihamçısı Mövlam Şıxəliyevə də müraciət edib. Mövlam Şıxəliyev isə bildirib ki, o, istintaqa nəzarət edən prosessual şəxs olmayıb: “Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər, çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından da məlumatsız olmuşam. Onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.

Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevə bir neçə sual verib. Dostluq münasibətində olduğu Namil Rzayevin və onun qohumu Hüseyn Mustafayevin niyə görə onun əleyhinə ifadə vermələrinin səbəbi ilə maraqlanıb. Mövlam Şıxəliyev zərərçəkən Zaur Əliyevin sualına əsəbi reaksiya verib: “Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm!”

Növbəti proses fevralın 22-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər