Bakının Nərimanov rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Elmar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Elmar Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2020-ci il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tahir Tağıyevin yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisəni törətməkdə təqsirli bilinən Elmar Hüseynov müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Tahır Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub.
Tahir Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
İstintaq araşdırması zamanı məlum olub ki, Tahır Tağıyev hadisə zamanı evində tək olub. Qətli törədən şəxs evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb.
Tahır Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.
Tahır Tağıyev qisas məqsədilə qətlə yetirilib.
Xatırladaq ki, qətlə yetirilən Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır.
Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.
İstintaq orqanı tərəfindən Elmar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.