Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda zərəçəkmiş Elşən Mədətovun epizodu üzrə şahid Hikmət Şükürov ifadə verib.
2008-ci ildə MTN-ə aparılan Elşən Mədətovdan 250 min dollar alınıb. Hazırda təqsirləndirilən şəxs statusunda olan, o zaman MTN-də şöbə rəisi olan Vüsal Ələkbərov tələb olunan məbləği verməyəcəyi təqdirdə ona “ölüm iynə”si vurulacağını deyib. Bundan sonra Elşən Mədətov əmlaklarını satmağa başlayıb. Şahid Hikmət Şükürov həmin əmlaklardan dəyirman və restoranı alıb.
Hikmət Şükürov bildirib ki, 120 min manat verməklə Elşən Mədətovdan 2 əmlak alıb. Sonradan söhbətlərdən bilib ki, Elşən Mədətov MTN tərəfindən tutularaq azad edilib.
Daha sonra zərərçəkmiş Hüseyn Səfərov vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevlə yanaşı ailə üzvlərinin də istintaqa cəlb edilməsini istəyib: “Məhkəmə prosesində də, istintaq zamanı da müəyyən olunub ki, bizdən alınan əmlaklar, pullar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına keçirilib. Onun ailə üzvləri cinayət yolu ilə əldə olunan əmlakların leqalizasiyasında, izlərinin itirilməsində birbaşa iştirak ediblər”.
Zərərçəkən buna görə Mövlam Şıxəliyevin ailə üzvlərinin də istintaqa cəlb olunmalarını istəyib. Hüseyn Səfərov vəsatətini yazılı şəkildə məhkəməyə təqdim edib.
Bundan sonra iş üzrə zərərçəkən şəxs İbrahim Zeynalovdan 10 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov nümayəndə qismində təmsil edib. İlqar Zeynalov həm də iş üzrə şahiddir.
Bu epizod üzrə ilkin olaraq “Ümid-İ” MMC-nin direktoru Qüdrət Baloğlanov şahid qismində ifadə verib. Bildirib ki, İbrahim Zeynalovun həbsindən sonra Yasin Məmmədov onu ekspert kimi işə cəlb edib: “Yasin Məmmədov məndən İbrahim Zeynalovun rəhbərlik etdiyi müəssisənin torpaqlarının onun dediyi kimi qiymətləndirilməsini tələb edirdi. Mənə 2 qapı göstərirdi. Deyirdi ki, ya MTN binasından çıxış qapısına tərəf gedəcəksən, ya da bu biri qapıya, İstintaq Təcridxanası tərəfə. Məni məcbur etdi ki, istədiyi kimi rəy verim”.
Şahid deyib ki, Yasin Məmmədov onun adından İbrahim Zeynalovun oğlu İlqar Zeynalovdan 50 min manat rüşvət alıb: “Sonradan bildim ki, mənim rəy verməyimə görə İlqar Zeynalovdan 50 min manat alıb. Ona da deyib ki, guya həmin pulu mənə verib”.
Təqsirləndirilən şəxs Yasin Məmmədov isə şahidin dediklərini təkzib etməyə çalışıb.
İbrahim Zeynalovun nümayəndəsi olan oğlu, iş üzrə şahid İlqar Zeynalov ifadə verib: “19 dekabr 2008-ci ildə atamı MTN-ə apardılar. 10-15 gün sonra mənə zəng elədilər. Özünü Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim edən şəxs “sabah saat 10-da MTN-ə, Yasin Məmmədovun yanına gəl” dedi. Növbəti gün MTN-ə getdim, məni Yasin Məmmədovun otağına apardılar. Yasin Məmmədov təxminən yarım saat məni sorğu-sual elədi. Bundan sonra otağına çağırdığı bir nəfər müstəntiqə tapşırdı, o da məni öz iş otağına aparıb dindirdi və məni sərbəst buraxdılar. 10-15 gün sonra atamın vəkili bir məktub gətirdi. Məktubda “50 min” sözü yazılmışdı. Bunun nə demək olduğunu soruşdum”.
İlqar Zeynalov deyib ki, əmisi Məzahim Zeynalov 2009-cü ilin mart ayının əvvəllərində MTN-in istintaq təcridxanasında atası ilə görüşüb: “Əmim gələndən sonra dedi ki, atam arıqlayıb, xəstəliyi daha da ağırlaşıb. “İçəri”də dözə bilmədiyinə görə onu ev dustaqlığına çıxarılmasını istəyir. O günlərdə əmim Məzahim atama təyin olunan vəkil Qubadın vasitəsi ilə MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyevlə görüşmüşdü. Bizə başqa vəkil tutmağa da imkan vermirdilər.
Mövlam əmimə deyib ki, cinayət işinin yiyəsi odur, istədiyi zaman atamı buraxa bilər. Əgər İbrahimi buraxmaq fikrinə düşsə, bu barədə Yasin Məmmədova bildirəcək. Həmin söhbətdə əmimə demişdilər ki, Mövlam Şixəliyev Yasin Məmmədova atamın buraxılması üçün tələb olunan məbləği deyəcək, o da bizə bu barədə xəbər verəcək. Oturub Yasin Məmmədovdan xəbər gözləməyə başladıq. Eyni zamanda atamın azad edilməsi üçün pul tələb edəcəklərini başa düşdüm.
31 mart 2009-cu ildə Nərimanov rayonu, Çəmənzəminli küçəsindəki mənzilimi 245 min manata satdım. Qalan əmlakların bir qismini də satışa çıxardım”.
İlqar Zeynalov deyib ki, atası həbsdən buraxılması üçün 10 milyon manat tələb olunub, amma sonda 8 milyon dollara razılıblar.
İlqar Zeynalovun ifadəsindən sonra Mövlam Şıxəliyev ayağa qalxıb, işçisi olmuş, hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədova bir neçə sual verib:
-Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?
Yasin Məmmədov Mövlam Şıxəliyevin sualına cavab belə verib:
-O pullar Ziyad Səmədzadəyə çatıb.
Bu zaman hakim müdaxilə edib, İlqar Zeynalova dəqiqləşdirici sual verib:
- Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyəti var?
Şahid və nümayəndə olan İlqar Zeynalov hakimin sualını belə cavablandırıb:
- Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsi ilə bankdan 3 milyon 500 min manat pul kredit götürülmüşdü. Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq.
Zərərçəkmişlərdən Zaur Əliyev də İlqar Zeynalova dəqiqləşirici sual verib:
- Tələb oluna puldan əlavə sizdən nəsə aldılar?
İlqar Zeynalov suala belə cavab verib:
- Binə qəsəbəsində 4 hektar torpağımız qalmışdı, onu da aldılar. Mövlam Şıxəliyev, onun oğlu Elgün Şıxəliyev və Yasin Məmmədov atam həbsdən çıxandan sonra o yerin üstünə getdik. Aparıb yeri onlara göstərdik, onlara təhvil verib çıxıb getdik. O torpağın sənədi yox idi. Mövlam Şıxəliyev bizə bir neçə şəxsiyyət vəsiqəsi göndərdi, həmin torpağın onun dediyi adamların adına rəsmiləşdirdik. Sonradan bildim ki, Yasin Məmmədov o torpağın bir hissəsində özünə ev tikib.
Növbəti proses martın 15-də davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.