4 Mart 2022 14:50
6 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Babək qısqanclıq zəminində arvadı Ayselə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 20 avqust 2021-ci ildə baş verib. Babək həmin gün saat 10.00-da yaşadıqları evin ikinci mərtəbəsində olan yataq otağında qısqanclıq zəminində mübahisə zamanı Ayseli bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 20-də saat 02.00-da Ayselin yataq otağında özünə məxsus telefonla oynadığını görüb: “Aysel məni görəndə həyəcanlandı və özünü şübhəli apardı. Ondan telefonu istədim. Telefona baxış zaman tanımadığım nömrədən Ayselin telefonuna vatsap vasitəsi ilə 3 dəfə zəng gəldiyini gördüm. Həmin nömrənin kimə məxsus olduğunu soruşdum. Aysel nömrə barədə heç nə bilmədiyini dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, öz telefonu ilə həmin nömrəyə zənglər etməyə başlayıb: “Lakin cavab verən olmadı. Avqustun 20-də səhər saatlarında həmin şəxslə telefon əlaqəsi yarada bildim. Səsi kişi səsinə oxşayan şəxsdən kimliyini, mənim yoldaşıma niyə zəng etdiyini soruşdum. O, səhv düşdüyünü bildirdi və telefon danışığımız sona çatdı.

Bundan sonra şübhələndim, “Bakcell”in müştəri xidmətlərinə getdim. Ayselin istifadəsində olan, lakin mənim adıma qeydiyyatda olan nömrədən çıxan zənglərin siyahısını əldə etdim. Siyahıya baxan zaman mənə məlum oldu ki, uzun müddət onların arasında telefon əlaqəsi olub, müxtəlif vaxtlarda uzun müddətli söhbətlər ediblər. Ayseli cəzalandırmaq üçün ona xəsarət yetirmək fikrinə düşdüm”.

Babək qeyd edib ki, saat 10 radələrində yaşadığı evə qayıdıb və mətbəxdən bıçağı götürərək cibinə qoyub: “Evin ikinci mərtəbəsinə qalxdım. Ayselin yataq otağında çarpayıda oturduğunu gördüm. Onun yanında oturaraq nömrənin kimə məxsus olması, həmin şəxslə aralarında hansı münasibət yaşandığını soruşdum.

Aysel onu tanımadığını, onunla danışmadığını bildirdi. Ayseldən təkidlə düz danışmasını tələb etdim. Zəng etdiyi nömrələrin siyahısını çıxardığımı dedim. Bu zaman mənə həmin şəxslə telefonla danışdığını, lakin aralarında heç nə olmadığını bildirdi”.

Babək qeyd edib ki, bundan sonra cibindən bıçağı çıxarıb və Ayseli vurmaq istəyib: “Bu zaman Aysel mənim bıçaq olan sol əlimdən tutdu və aramızda çəkişmə başladı. Çəkişmə bir müddət davam etdi. Çəkişmə zamanı bıçaq Ayselin müxtəlif nahiyələrinə sürtüldü, əli kəsildi.

Aysel dırnağı ilə mənim sağ bazu nahiyəmi sıyırdı və sinə nahiyəmdən zərbələr vurdu. Müqavimətini qırmaq üçün onun qarın nahiyəsindən digər əlim və ayaqlarımla vurdum.

Aysel bıçaq olan əlimi buraxdı. Onun bədəninə bıçaqla iki dəfə ardıcıl zərbə endirdim və geri çəkilərək dayandım. Aysel ayağa qalxaraq qapıya tərəf getməyə başladı. Ondan qabaq otağı tərk edərək aşağı mərtəbəyə düşdüm. Analığım Zəminəni səslədim, Ayselə kömək etməsini bildirdim. Özüm isə bıçaq əlimdə həyətə çıxdım. Zəminənin tək bacarmayacağını düşündüm, qardaşım Elmarı çağırdım. Avtomobilimin açarlarını ona verərək Ayselin vəziyyətinin pis olduğunu, onu xəstəxanaya çatdırmalarını bildirdim. Bir anlıq etdiyim əməlin nəticələri barədə fikirləşdim, bıçağı əsəbi halda divara vurdum. Bıçaq əyildi və onu həyətin bir kənarına tulladım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir qədər tək gəzib və düşündükdən sonra Xəzər rayon Polis İdarəsinə gəlib. Törətdiyi əməli etiraf edib və təslim olub.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Babəkin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 8 ay 10 gün müddətinə şərti cəza təyin olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə iclas zalında həbsdən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər