Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Rasim Quliyevin cəzası dəyişdirilib və 2 il müddətinə şərti hesab olunub.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onun 1 il 6 ay müddətinə rəhbər və maddi məsul vəzifə tutmaqdan məhrum edilməsi müəyyən edilib.
Hökmdən narazı qalan Rasim Quliyevin vəkilləri tərəfindən apellyasiya şikayəti verilib.
Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.