7 May 2014 15:51
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şirvan Apelyasiya Məhkəməsində arvadına dəhşətli işgəncə verən Astara rayon sakini, 33 yaşlı Çingiz Mehdiyevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, oktyabrın 1-də Astara rayonunun Kələdəhnə kəndində Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona ağla gəlməyən işgəncələr verib.

Artupa kəndindən anadan olan Nisə Xəlilova 9 ilə yaxındır Kələdəhnə kəndində yaşayan Mehdiyevlər ailəsinə gəlin köçüb. Ömrünün son 3 ilini işgəncələr içində keçirən Nisə hadisədən 9 ay əvvəl ata evinə qayıdıb. Çingiz Mehdiyev ailələrinin dağıtmamaq bəhanəsi ilə onu geri qaytara bilib. Nisəni evə gətirən Çingiz onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Sonuncu işgəncə faktının baş verməsinə səbəb Çingizin qumarda Nisə Xəlilovanın nişan üzüyünü uduzması olub. Çingiz evdə olan qızıl üzüyü apararkən Nisə buna müdaxilə edib.

Verilən işgəncələrə dözməyən iki uşaq anası var gücü ilə bağlandığı otaqda qışqırmağa başlayıb. Qonşular qızın atası Telman Xəlilova zəng edərək onu hadisədən xəbərdar ediblər. Atası gəldikdən sonra ciddi xəsarət alan qızını Astara rayon mərkəzi xəstəxanasına çatdırıb. Çingiz Mehdiyev hadisədən bir neçə gün sonra həbs edilib. Astara rayon Məhkəməsinin hökmü ilə Çingiz Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Çingiz Mehdiyev apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın verilməsini istəyib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinə baxılıb. Məhkəmə Çingiz Mehdiyevin apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: