Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazov cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses mayın 25-də davam edəcək.
İttihama görə, ötən ilin avqustun 30-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub.
Qeyd edək ki, qətli törədən Orxan Şahbazov idmançı olub.