Zaqatala rayonunda 1990-cı il təvəllüdlü Asif fizika müəllimi, 1952-ci il təvəllüdlü Rahibi (adlar şərti verilib – red.) rüsvayedici məlumatlarla şantaj edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Asif qeyri-rəsmi evlilik münasibətində olduğu Elmiranın qızı İlahəyə qarşı təhsil aldığı “Yeni Tədris Mərkəzi” adlı hazırlıq kursunda da fizikadan dərs keçən müəllim Rahib tərəfindən seksual xarakterli hərəkətlər edilməsi barədə məlumatı əldə edib.
Daha sonra həmin məlumatların həqiqətə uyğun olub-olmamasını yoxlamadan, həmin məlumatlar yalan olduğu halda tamah niyyəti ilə qəsdən sonuncunun əmlakını ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə 2021-ci ilin mayında Asif təhsil mərkəzinin ofisinə gəlib. Orada Rahiblə görüşüb və əldə etdiyi məlumatları ona deyib. Rahib həmin məlumatları təkzib etməsinə baxmayaraq haqqında rüsvayedici məlumatları internetdə yayma hədəsi ilə 3000 manat tələb edib. Rahib həmin məlumatlar yayılacağı halda ləkələnəcəyindən ehtiyat edib, tələb olunan pulu verməyə razılıq verib.
Asif Rahibdən 2021-ci ilin iyun ayında ayrı-ayrı günlərdə Balakən şəhərində 3 dəfəyə cəmi 1500 manat, sonuncu dəfə isə Zaqatala şəhərində 40 manat alıb.
“10 ilə yaxındır tanıyıram”
İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Elmiranı təxminən 10 ilə yaxındır tanıyır: “Rahibi isə əvvəllər tanımamışam, aramızda heç bir münasibətlərimiz olmayıb. Elmiranın qızı, 7-ci sinif şagirdi İlahə Zaqatala şəhərində yerləşən “Ağ Saray”ın ikinci mərtəbəsindəki “Yeni Tədris Mərkəzində” hazırlıqlara gedir”.
“Həyəcandan qızın burnundan qan açıldı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Elmira azyaşlı qızına hazırlıq kursunda fizika müəllimi Rahib adlı şəxsin əxlaqsız hərəkətlər etməsi barədə məlumat verib:
“Elmiranın deməsinə görə, İlahə lövhə qarşısında dərs danışarkən Rahib müəllim arxa tərəfdən ona yaxınlaşaraq döşlərini əlləri ilə sıxıb. İlahə uşaqların qarşısında utandığı üçün dərsdən ağlaya-ağlaya çıxaraq nənəsigilə gedib. Orda həyəcandan qızın burnundan qan açılıb.
Elmira hadisəni olduğu kimi danışdıqdan sonra biz, yəni mən, İlahə, Elmira, İlahənin ata nənəsi Gülgəzlə birlikdə hazırlıq kursuna getdik. Lakin həmin vaxt müəllim kursda olmadı. Bizi kursun rəhbəri Qabilə hadisəni olduğu kimi ona danışdıq. Qabil bizə səhəri gün Rahib müəllim kursda olan vaxt gəlməyimizi məsləhət gördü”.
“Uşağın müalicəsi üçün pul təklif etdilər”
Asif qeyd edib ki, həmin vaxt öz mobil nömrəsini Qabil müəllimə verərək evə qayıdıblar: “Səhəri gün Qabil mənə zəng vuraraq hazırlıq kursuna dəvət etdi. Mən özüm tək hazırlıq kursuna getdim. Hazırlıq kursuna getdikdə Qabilin yanında adını sonradan bildiyim Rahib müəllim və onun İlqar adlı dostu da vardı. Qabil müəllimin yanında hadisəni olduğu kimi danışdım. Rahib də İlqarın və Qabilin yanında azyaşlı uşağa etdiklərini boynuna aldı.
Onlara uşağın hadisədən sonra sarsıntı keçirdiyini, psixoloji müalicəyə ehtiyacı olduğunu dedim. Qabil və İlqar uşağın müalicəsi üçün Rahibin pul verməsini təklif etdilər. Lakin mən həmin gün buna razılaşmadım.
İki gün sonra yenidən Qabil mobil telefonuma zəng vuraraq məni kursa dəvət etdi. Kursa getdikdə yenə Rahib və İlqarı orada gördüm. Həmin vaxt Rahib Qabilin yanında mənə 200 manat verdi və pulun qalan hissəsini, yəni 1300 manatı da bir həftədən sonra verəcəyini bildirdi.
Rahib mənə 200 manat verən vaxt İlqar və Qabil də yanmızda olub. Pulu İlahənin anası Elmiraya vermişəm”.
“Pulu vermək istəmədi”
Asif bildirib ki, həmin gün axşam Rahiblə Balakən şəhərində “Balməkan” marketin qarşısında görüşüb və 300 manat alıb: “Bir həftə sonra Rahibə zəng vuraraq yenə pul istədim. O, 400 manat düzəltdiyini, qalan hissəni isə bir müddət sonra verəcəyini bildirdi. Mən də razılaşdım. Balakən şəhərinə gedərək “Balməkan” marketin qarşısında görüşdük. Rahibdən 400 manatı götürdüm.
Həmin vaxtdan sonra pulun qalan hissəsini verməsi üçün Rahibə bir neçə dəfə zəng vurdum. Lakin o, pulu olmadığını deyərək imtina elədi. İyunun 21-də saat təxminən 20-21 radələrində Balakən şəhərində Rahibin yaşadığı evə getdim”.
“Hədələmənişəm”
Əlavə sorğu-sual zamanı Asif ifadəsində göstərib ki, Rahibdən cəmi 900 manat alıb: “Həmin pulun 200 manatını Zaqatala şəhərində Qabil və İlqarın yanında, 700 manatını isə Balakən şəhərində götürmüşəm. Rahibdən 900 manatı İlahənin müalicəsi üçün almışam. Pulun hamısını İlahənin anası Elmiraya vermişəm. Rahibi pul vermədiyi təqdirdə barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağım barədə hədələməmişəm”.
“Bir gün kursa bir qız gəldi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rahibin sözlərinə görə, 1972-ci ildən Balakən şəhərndəki orta məktəbdə fizika müəllimi işləyib: “65 yaşım tamam olduqdan sonra təqaüdə çıxmışam. Həmin vaxtdan yaşadığım evdə fizika fənnində şagirdləri hazırlayaraq ailəmi dolandırıram. 2016-cı ildən Zaqatala şəhərində yerləşən Yeni Tədris Mərkəzi adlı hazırlıq kursunda da fizikadan dərs verirəm.
Kursda dərs demək üçün həftədə iki gün Zaqatala şəhərinə gələrək saat 12-də dərsləri başlamışam və saat 18-ə qədər dərsləri davam edirmişəm.
Təxminən 2021-ci ilin may ayının ortalarında 7-ci sinif şagirdləri üçün olan dərsdə adını bilmədiyim bir qız uşağı da dərsə gəldi. Həmin vaxt sinifdə 3 şagird olub. Həmin qız bir dərs, yəni 40 dəqiqə dərsimdə oturduqdan sonra getdi.
Bir gün sonra Balakən şəhərində olan vaxt özünü dərs dediyim qızın qohumu kimi təqdim edən Asif adlı şəxs zəng edərək Zaqatala şəhərində tədris kursunda mənimlə görüşmək istədiyini bildirdi. Ona Balakən şəhərində olduğumu bildirdim. Asif “gəlməsən, səni gətirərlər” deyərək məni hədələdi”.
“Rüsvay olmaqdan qorxduğum üçün razılaşdım”
Rahibin ifadəsinə görə, bundan sonra keçmiş polis əməkdaşı olan dostu İlqarla birlikdə dərs dediyi tədris mərkəzinə gəlib:
“Mərkəzdə tədris kurslarının rəhbəri Qabil müəllimin yanında Asif adlı şəxslə görüşdük. Asif dedi ki, guya dərs vaxtı onun qohumu olan qıza qarşı əxlaqsız hərəkət etmişəm. Ona sinif otağında şagirdlərin qarşısında hansı əxlaqsız hərəkətlər edə biləcəyimi deyərək yalan danışdığını bildirdim.
Asif mənə qızın bibisinin, xalasının gələcəyini, məni çəkib sosial şəbəkələrdə yayacaqlarını söylədi. Mənim pul verməyimi istədi. Asifə heç bir hərəkət etmədiyimi söylədim.
Asif dedi ki, bu iş 3000 manatlıq işdir, sən 3000 manatı da verəcəksən, yoxsa çəkilişlə səni sosial şəbəkələrdə rüsvay edəcəm. Uzun illər müəllim işlədiyim üçün rüsvay olmaqdan, qohumlarımın və tanışlarımın yanında hörmətsiz vəziyyətə düşməkdən qorxaraq onun təklifi ilə razılaşdım”.
“Pul tələb etdi”
Rahib qeyd edib ki, bundan bir neçə gün sonra, yəni təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Asif ona zəng vurub və pul tələb edib: “Balakən şəhərində “Balməkan” marketin qarşısında görüşüb ona 500 manat verdim. Asifə pulum olduqca verəcəyimi bildirdim. Bir həftə sonra yenə zəng vurdu, Balakən şəhərində olduğunu bildirdi, məndən pul tələb etdi. Yenə “Balməkan” marketin qarşısında görüşdük və Asifə 500 manat verdim.
Bundan təxminən 5-6 gün sonra təkrar zəng vuraraq pul tələb etdi. Bu dəfə də “Balməkan” marketin qarşısında görüşdük, ona 500 manat verdim”.
Rahib bildirib ki, təxminən 5 gün sonra Asif ona zəng vuraraq Balakən şəhərində olduğunu deyib və pul tələbini təkrarlayıb: “Mən də pulumun olmadığını dedim. Bundan sonra Asif yol gəldiyi üçün məndən 40 manat istədi. Ona pulum olmadığını, səhəri gün pul verə biləcəyimi dedim.
Səhəri gün Zaqatala şəhərində “Ağ Saray” şadlıq sarayının qarşısında Asiflə görüşdük, ona 40 manat verdim. Ardınca bir neçə dəfə yenə məndən pul tələb etsə də, ona pulumun olmadığını bildirdim.
Lakin Asif evimə gəldiyi üçün polisə müraciət etmək fikrinə düşdüm, Zaqatala rayon polis şöbəsinə şikayət etdim”.
Rahibin bildirdiyinə görə, Asifə vermiş olduğu 1540 manat pulu Beynəlxalq Bankdan 1800 manat kredit götürərək verib: “Asif məni sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək pul tələb edirdi. Mən də ailəm və nəvələrim olduğu üçün rüsvay olmamaqdan ötrü Asifə pul verməyə razılaşdım.
Asif məndən 3000 manat pul tələb etsə də, ona cəmi 1540 manat vermişəm. Əvvəlcədən razılaşdığımız kimi pulları ona hissə-hissə çatdırmışam.
Azyaşlı uşağa qarşı heç vaxt əxlaqsiz hərəkətlər etməmişəm. Sinifdə digər uşaqların gözü qarşısında bu hərəkətlərin törədilməsi mümkünsüz bir işdir. Hesab edirəm ki, bu mənə qarşı pul tələb edilməsi üçün qurulmuş bir iş idi”.
"Birinci dəfə təsadüfən əli dəydiyini düşündüm..."
Cinayət işi üzrə şahid qismində ifadə verən İlahənin sözlərinə görə, 1-ci günmüş Zaqatala şəhərində yerləşən təhsil kursuna gedib: “Son dərs fizika fənnindən idi. Sinifdə 3 qız şagirdi olmuşuq. Müəllim sinifə gəldi, məni lövhəyə çağırdı və tapşırıqlar verdi.
Tapşırığı yerinə yetirdikdən sonra mənə afərin dedi. Sonra arxa tərəfdən yaxınlaşaraq əlini sinəmə vurdu. Birinci dəfə dəydikdə təsadüfən baş verdiyini düşündüm. Sonra ikinci və üçüncü dəfə sinəmə toxundu. Bu zaman həyəcanlandım və çantamı götürərək sinifdən çıxdım.
Evə getdikdə əvvəlcə nənəmi gördüm və keçirdiyim stresdən ağladım, eyni zamanda burnumdan qan açıldı. Sinifdə olarkən uşaqlar həmin hadisəni görmədilər. Çünki mən arxaya çevriləndə uşaqlara baxdım. Onlardan birinin pəncərədən sallanaraq çölə baxdığını, digərinin isə parta üzərində yatdığını gördüm.
Bu hadisə ilə əlaqədar bir dəfə psixoloq yanında seans almışam. İkinci seansa getməmişəm. Anam məni Bakı şəhərinə apardı”.
“Qızıma əxlaqsız hərəkət edib”
Azyaşlının anası Elmiranın bildirdiyinə görə, Rahib adlı müəllim qızı İlahənin sinəsinə toxunub, bundan qız həyəcanlanaraq stress keçirib: “Asifdən xahiş etdim ki, Rahiblə görüşsün və bu məsələyə aydınlıq gətirsin. Uşağın psixikasında problem yarandığı üçün psixoloqa aparmaq və tələb olunarsa müalicə etdirməyi düşünürdüm.
Hadisənin səhəri günü Asif bildirdi ki, Rahiblə görüşüb, müəllim ona təxminən 1000 manat verməyi təklif edib. Asif mənə həmin gün 500 manat verdi. Ümumilikdə Asif mənə 900 manat verib.
Asif heç vaxt Rahibə hədə-qorxu gəlməyib, onu sosial şəbəkələrdə biabır edəcəyini bildirməyib. Rahib pulu könüllü verib. Pulun almaqda məqsəd qızımı müalicə etdirmək olub. Cəmi bir seans uşağı psixoloqa aparmışam. Psixoloq həftənin eyni günü yanına gəlməyimizi tövsiyə etdi”.
Məhkəmə sənədlərində məlum olur ki, əvvəlcə Asif və Elmiranın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu gəlmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Amma istintaq zamanı hər iki maddə üzrə aparılan cinayət işinə xitam verilib. Elmira cinayət məsuliyyətindən azad edilsə də, Asifə istintaqın sonunda Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham verilib.
Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb. Hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda Asifin əməli tam sübuta yetirilib.
Ona 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib. Asif məhkəmə zalından həbs edilib.
Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Rahibin barəsində cinayət işi ayrıca icraata götürülüb və material araşdırılması üçün istintaqa göndərilib.