25 İyul 2022 12:32
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxsə məxsus 5 344 000 manat dəyərində daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub.

Vilyam Hacıyevə məxsus əmlaklar onun həyat yoldaşı və oğlunun adına rəsmiləşdirilib.

Vilyan Hacıyevin üzərinə həbs qoyulmuş əmlakların tam siyahısı:

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1852000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2626000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

Vilyam Hacıyev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Daha sonra o, həbs edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.


Müəllif: Hacı Zeynalov