18 Avqust 17:33
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 il əvvəl törədilmiş qətlin üstü açılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Belə ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini 1939-cu il təvəllüdlü Yolçuyeva Solmaz Rzaqulu qızının yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 16 iyul 2001-ci il tarixdə dayandırılıb.
16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə şəhər prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaqla Gəncə şəhər sakinləri əvvəllər 1977-ci il təvəllüdlü Elsevər Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin – X.Səfərovun 2001-ci ildə Qazaxıstan Respublikasında, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.

Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com