Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Azim Qəsəbovun və Günay Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Azim Qəsəbov həyat yoldaşı Günay Ələkbərova ilə birlikdə dələduzluq edib.
Onlar Lənkəran rayonu, Mamusta kənd sakini Vəsilə Fərəcovanı və onun həyat yoldaşını aldadıblar. Məhkumlar Fərəcovların oğlu Validi Heydər Əliyev adına Ali hərbi məktəbə bərpa etdirmək niyyətində olduqlarını deyiblər. Onlar bank yolu ilə hər iki şəxsin 2740 manat pulunu alaraq mənimsəyiblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham ediliblər. Lənkəran şəhər Məhkəməsinin hökmü ilə Azim Qəsəbov 4 il müddətinə azadlıqdan məhrum edilib. Günay Ələkbərova isə 2800 manat cərimə olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Azim Qəsəbov barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib. Günay Ələkbərova isə cərimə cəzasının ləğv edilməsini xahiş edib. Hər iki şikayət baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Həbsxanadan başlayan cinayət
Hakim Qürbət Əsgərovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Azim Qəsəbov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Azim Qəsəbov bildirib ki, 2012-ci ildə Suraxanı rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib: “Xəstə olduğum üçün 2012-ci ilin payız aylarında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşəm. Orada müəssisənin aşbazı Lənkəran rayon sakini İlkin Fərəcovla tanış oldum. Söhbət zamanı İlkinin oğlu Validi Hərbi Akademiyaya bərpa etdirmək istədiyini öyrəndim. İlkinə yalandan Müdafiə Nazirliyində Əflatun Rüstəmov adlı polkovnik rütbəli qohumum olduğunu və onun bu işi bacaracağını dedim”.
Təqsirləndirilən şəxs daha sonra bunları deyib: “İlkinə bildirdim ki, Validi Akademiyaya düzəltmək üçün 1500 manat pul verməlisən. O, da mənimlə razılaşdı. Bu işi düzəltmək adı ilə İlkindən 2400-2500 manat pul almaq niyyətində idim. Arvadım Günay da bunu əvvəlcədən bilib. Sonradan İlkinə bildirdim ki, bundan sonra işi davam etdirmək üçün həyat yoldaşlarımızı tanış etmək lazımdır. Beləliklə, Günayla onun həyat yoldaşı Vəsilə bir-biri ilə tanış oldu”.
“Pulu müalicəmə xərcləmişəm”
Azim Qəsəbov deyib ki, bundan sonra Vəsilə ilə Günay arasında telefon danışığı olub. Onun sözlərinə görə, bu danışıq zamanı Günay Vəsilədən ilkin olaraq bank vasitəsi ilə 300 manat pul alaraq ona göndərib: “Bir neçə gün sonra yenidən İlkinə oğlu Validin Akademiyadan qaçdığı üçün cərimə kimi 1500 manat lazım olduğunu bildirdim. İlkin də həmin pulu verməyə razılaşdı. Günaya Vəsilə ilə əlaqə saxlamasını və ondan 1500 manat pul almasını dedim. Günay Vəsilə ilə əlaqə saxlayıb və Vəsilə də 1500 manat pulu bank vasitəsi ilə qayınanam Amalyanın adına göndərib. Günay da həmin pulu mənə verib. 1500 manat pulu alan zaman ağır xəstə olmuşam. Bu səbəbdən həmin pulu müalicəmə xərcləmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, 2012-ci il dekabrın sonlarında səhhəti pisləşdiyi üçün pula ehtiyacı olub: “Buna görə də İlkinə Validi Akademiyaya düzəltmək üçün yenidən 300 manat pul lazım olduğunu dedim. Vəsilə də, Günayın adına 300 manat pul göndərdi. 2013-cü ilin fevral ayında azadlığa çıxdım. Azadlıqda olduğum dövrdə yenidən mənə pul lazım oldu. Vəsiləyə zəng edərək Validin attestatını, şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini götürərək Bakıya gəlməsini istədim. Həmçinin Vəsiləyə 300 manat pul göndərməsini söylədim. Vəsilə 300 manatı mənə göndərdi. Həmin vaxt Validin bütün sənədlərini almışdım. Lakin Validi Akademiyaya düzəldə bilməmişəm və onlardan aldığı pulun 2000 manatını Günayın adından bank vasitəsi ilə Vəsilənin hesabına göndərmişəm. Vəsilə Validin sənədlərini və məndən qalan 400 manatı istədi. Vəsiləyə Validi Hərbi Akademiyaya bərpa etdirəcəyimi, sənədlərin hələlik məndə qalmasını bildirdim. Bundan sonra mənə təcili pul lazım olduğu üçün Vəsiləyə zəng edərək Validi Akademiyaya artıq düzətdiyimi və 2000 manatı yenidən göndərməsini istədim. Vəsilə də həmin pulu mənə bank vasitəsilə göndərdi. Mənə göndərilən həmin pulu öz ehtiyaclarıma xərcləmişəm. Həmçinin Müalicə Müəssisəsində olan vaxt İlkindən 340 manat almışam. Aldığım pulun 2200 manatını istintaq dövründə qaytarmışam, qalan hissəsini də məhkəmə dövründə ödəmişəm. Dəymiş ziyan tamamilə geri qaytarılıb. Törətdiyim cinayətə görə peşmanam. Məhkəmədən mənə aşağı həddə cəza təyin olunmasını xahiş edirəm”.
Daha sonra çıxış edən təqsirləndirilən şəxsin vəkili Pənah Məmmədov apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirib. O, müdafiə etdiyi şəxsə daha yüngül cəzanın verilməsini xahiş edib. Prokuror Səyavuş Sadıqov isə apelyasiya şikayətinin əsassız olduğunu deyib. Tərəfləri dinləyən hakimlər sonda qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı