"Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində İlham Əliyev ifadə verib.
O bildirib ki, əvvəl "S-Steel" şirkətinin işçisi olub. Onun istintaq zamanı verdiyi ifadə elan edilib. İstintaqa verilən ifadədən məlum olub ki, metalın real alış qiymətilə sənədlərdə göstərilənlər arasında fərq olub, adamlarla razılaşdırılıb, metala görə onlara istədikləri məbləğ ödənilib.
Onun ifadəsinə.görə, aldıqları metalı sonradan "Baku steel Company"ə satdıqlarına görə metal üçün vəsait də həmin şirkətin kassasından gəlib. Qiymət şişirdilməsi nəticəsində kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. Amma o, pulun kimə çatdığını bilmir.
Şahid bu ifadəni təsdiqləməyib. Bildirib ki, istintaqda belə fikir səsləndirməyib.
O əlavə edib ki, əvvəl "S-Steel"in işçisi olsa da, sonradan "Baku Steel Company"nin əməkdaşı kimi rəsmiləşdirilib.
Rasim Məmmədov çıxışında şahidə minnətdarlığını bildirib: "Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə də burada danışdı. Sağ olsun. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu. Burada üzümə duranların əksəriyyətinə mən "atalıq" etmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə dayanacaq".
Daha sonra ifadə verən "Azərboru"nun baş direktorunun müşaviri Azad Əmirov bildirib ki, zavodda istehsalatla rekonstruksiya arasında koordinator olub. Çünki bir tərəfdən zavodda rekonstruksiya işləri getməliydi, amma digər tərəfdən də bu işlər istehsalata mane olmamalıydı.
Azad Əmirov istintaqa ifadəsində göstərib ki, "Azərboru"dan ümumilikdə "Baku Steel Company"ə 120 min ton dəmir gedib. Amma o, məhkəmədə bunu təkzib edib.
Rasim Məmmədov da bu fikirləri təkzib edib: "Təsəvvür eləmirsiniz ki, 120 min ton nə qədərdir. "Azərboru"nun ərazisində o qədər metal ola bilməzdi axı. "Torqovı"nın o başından bu başına metal qırıntısı yığsan, 120 ton eləməz".
Rasim Məmmədov bildirib ki, alınan metalın 99 faizi dövlət əmlakı olub: "Qalan 1 faizi isə əhalinin evlərindən çıxan köhnə əşyalar təşkil edirdi. "Azərboru"nu söküb pis günə qoymuşdular. Sökə-sökə də gedirdilər. Bir gün mən adamlarla birlikdə ora getdim. Bir "KamAZ" da apararaq qarşısında saxladım, dedim, sökməyə qoymayacam".
Rasim Məmmədov qeyd edib ki, bundan sonra onu Prezident Administrasiyasına çağırıblar: "Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsən, al, inkişaf elətdir. Mən də Mərkəzi Bankdan 20 milyon manat kredit götürüb "Azərboru"nu aldım".
Növbəti proses oktyabrın 10-da davam edəcək.
Qeyd edək ki, "Baku Steel Company" MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Baku Steel Company" MMC tanınıb.